Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) bununla bağlı birgə bəyanat yayıblar. AzVision.az bəyanatı təqdim edir: Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar. Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Hazırda hadisənin hansı şəraitdə baş verdiyi və əməli törədənlərin şəxsiyyəti müəyyənləşdirilir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır. Qeyd edək ki, Nizami Kino Mərkəzinin binası dövlət tərəfindən mühafizə edilən, paytaxtın memarlıq mənzərəsinə xüsusi görkəm verən tarixi abidələrdən biridir. Hazırda tarixi abidəyə edilən müdaxilənin nəticələrinin aradan qaldırılması və binanın ilkin görkəminə qaytarılması istiqamətində tədbirlər görülür. Bir daha bütün vətəndaşları tarixi irsimizə həssas yanaşmağa çağırır, abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasını tələb edirik. Belə hallarla qarşılaşan şəxslərdən isə dərhal qaynar xəttimizə (147-yə) məlumat vermələri xahiş olunur.

AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.