Azərbaycanın Türkmənistanla iqtisadi əməkdaşlıq istiqamətində keçirdiyi bu tip görüşlər ölkənin xarici iqtisadi siyasətinin balanslı və çoxşaxəli şəkildə inkişaf etdiyini göstərir. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli QHT.az saytına verdiyi açıqlamada qeyd edir ki, xüsusilə Xəzər regionunda yerləşən dövlətlərlə münasibətlərin gücləndirilməsi həm regional inteqrasiyanın dərinləşməsi, həm də alternativ ticarət və nəqliyyat marşrutlarının formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq enerji, nəqliyyat-logistika, ticarət və sənaye sahələrində qarşılıqlı faydalı imkanlar yaradır.
Azərbaycan son illərdə tranzit ölkə kimi rolunu gücləndirib və Şərq-Qərb, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizlərində aktiv iştirak edir. Akif Nəsirli bildirir ki, Türkmənistanla əməkdaşlıq bu kontekstdə Xəzər üzərindən yükdaşımaların artırılması, liman və dəmir yolu infrastrukturunun daha səmərəli istifadəsi üçün əlavə imkanlar yaradır. Eyni zamanda enerji sahəsində, xüsusilə qaz və neft sektorunda koordinasiya və potensial birgə layihələr də diqqət çəkən istiqamətlərdəndir.
Gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi üçün ilk növbədə institusional mexanizmlərin gücləndirilməsi vacibdir. Yəni iki ölkə arasında birgə iqtisadi komissiyaların fəaliyyəti daha aktiv və nəticəyönümlü olmalıdır. Bundan əlavə, gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşmanın artırılması və biznes üçün şəffaf mühitin təmin edilməsi ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərə bilər.
Digər mühüm istiqamət özəl sektorun bu əməkdaşlığa daha çox cəlb olunmasıdır. Akif Nəsirli qeyd edir ki, dövlət səviyyəsində əldə olunan razılaşmaların real iqtisadi nəticəyə çevrilməsi üçün sahibkarlar arasında əlaqələrin qurulması, birgə müəssisələrin yaradılması və investisiya təşviqi mexanizmlərinin genişləndirilməsi zəruridir.
Eyni zamanda logistika və nəqliyyat infrastrukturunun modernləşdirilməsi, Xəzər dənizi üzərindən daşımaların optimallaşdırılması və limanlar arasında koordinasiyanın artırılması bu əməkdaşlığın praktiki effektini daha da yüksəldə bilər.
Ümumilikdə, Akif Nəsirli bildirir ki, bu görüş Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişafında müsbət tendensiyanın davam etdiyini göstərir. Əgər qeyd olunan istiqamətlər üzrə ardıcıl addımlar atılarsa, Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq yalnız ikitərəfli deyil, həm də regional iqtisadi sistem üçün daha geniş imkanlar yarada bilər.
Zəhra Ağayeva