AZ

Aprel döyüşləri Azərbaycan xalqının iradəsinin, səbrinin və qətiyyətinin açıq təzahürü idi ŞƏRH

Bakı, 2 aprel, AZƏRTAC

Aprel döyüşləri Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtələrindən biri oldu. Bu döyüşlər təkcə hərbi toqquşma deyildi. Bu, uzun illər davam edən ədalətsizliyə qarşı Azərbaycan xalqının iradəsinin, səbrinin və qətiyyətinin açıq təzahürü idi. Bu döyüşlər həm də illərlə aparılan uğurlu ordu quruculuğunun, müasir texnologiyaların tətbiqinin və peşəkar kadr hazırlığının nəticəsi idi. Ən əsası isə, bu qələbə xalq–ordu birliyinin sarsılmaz olduğunu nümayiş etdirdi. Bu döyüşlər bir daha göstərdi ki, xalqımız öz torpaqlarını qorumağa hər zaman hazırdır və milli birlik ən böyük güc mənbəyidir. Qısa müddət ərzində əldə olunan uğurlar Azərbaycan Ordusunun gücünü, xalq-ordu birliyini və dövlətimizin qətiyyətli mövqeyini bütün dünyaya sübut etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli söyləyib.

Onun sözlərinə görə, qısa müddət ərzində Azərbaycan Ordusu bir sıra strateji yüksəklikləri və mövqeləri azad edərək, işğal altında olan torpaqlarımızın geri qaytarılmasının mümkünlüyünü real şəkildə nümayiş etdirmiş oldu. Bununla da gələcək böyük Zəfərin ideoloji və psixoloji əsasını formalaşdı. Bu döyüşlərdən sonra Azərbaycan cəmiyyəti artıq əmin idi ki, torpaqlarımızın azad olunması real və yaxın məqsəddir. Aprel döyüşləri böyük zəfərin – İkinci Qarabağ müharibəsi zamanı qazanılan tarixi Qələbənin əsasını qoydu. Bu Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunmaqla bərabər ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu uğurun əldə olunmasında isə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, güclü diplomatik fəaliyyət və müasir ordu quruculuğu xüsusi rol oynadı. Dövlətimizin başçısının liderliyi ilə dövlətimizin milli maraqlara əsaslanan strategiyası həm döyüş meydanında, həm də beynəlxalq müstəvidə uğurlu nəticələr verdi.

“Vətəndaş cəmiyyətinin, xüsusilə qeyri-hökumət təşkilatlarının bu prosesdə rolu da danılmazdır. QHT-lər cəmiyyətin maarifləndirilməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi, şəhid ailələri və qazilərə sosial dəstəyin göstərilməsi istiqamətində mühüm fəaliyyətlər həyata keçirdilər. Eyni zamanda, informasiya mübarizəsində fəal iştirak edərək, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasına töhfə verdilər. Bu gün isə hamılıqla qarşımızda duran əsas vəzifə əldə olunan Zəfərin nəticələrini qorumaq, azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə töhfə vermək və davamlı inkişafı təmin etməkdir. Aprel döyüşləri bizə bir daha göstərdi ki, milli birlik, güclü iradə və düzgün liderlik sayəsində qarşıya qoyulan bütün məqsədlərə nail olmaq mümkündür”, - deyə Nədimə Rəhimli əlavə edib.

Seçilən
23
1
azertag.az

2Mənbələr