ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Aprelin 1-də saat 06:00 radələrində “Bentley” markalı avtomobil Bakı–Quba yolunda hərəkətdə olarkən sürücü idarəetməni itirmiş, nəqliyyat vasitəsi yolun kənarındakı dəmir mühəccərlərə çırpılmışdır. Qəza nəticəsində sürücü xəsarət almışdır.
Məlumatı DİN-in mətbuat xidməti yayıb.
DYP-nin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, ilkin ehtimala görə, hadisəyə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə idarə edilməsi olub. Belə ki, idarəetmədən çıxan avtomobil dəfələrlə aşaraq təxminən 500 metr məsafədə sürüklənmişdir. Bu cür ağır hadisələr zamanı təhlükəsizlik kəməri istifadə olmadıqda sürücü və ya sərnişinlər zərbənin təsiri ilə ya avtomobildən kənara atılır, ya nəqliyyat vasitəsinin altında qalır, ya da salon daxilində sükan, şüşə və digər sərt hissələrə çırpılır ki, bu da əksər hallarda ölümlə nəticələnir. Məhz bu hadisədə təhlükəsizlik kəməri qoruyucu rol oynayaraq sürücünü oturacaqda sabit saxlayıb və onun həyatını xilas edib.
Bu səbəbdən təhlükəsizlik kəmərindən istifadə etmək və bunu nəqliyyat vasitəsində əyləşən hər kəsdən tələb etmək sadəcə qayda deyil, bu, insanın öz həyatına, ailəsinə və yaxınlarına verdiyi dəyərin göstəricisidir.
Bir daha sürücülərə və sərnişinlərə müraciət edirik ki, sükan arxasına əyləşdiyiniz ilk andan etibarən təhlükəsizlik kəmərini taxın. Qısa məsafə, aşağı sürət və ya “heç nə olmaz” düşüncəsi heç kimi qaydalara riayət etməkdən uzaqlaşdırmasın.Çünki qaydalar insan həyatını qorumaq üçün var.
XQ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.