AZ

Türk dövlətlərinin siyasi və iqtisadi əməkdaşlığının inkişafı: Bakı görüşü yeni mərhələnin başlanğıcına yol açır - ŞƏRH

Bakı, 2 aprel, AZƏRTAC

Türk dünyasında inteqrasiya prosesləri son illər dinamik xarakter alaraq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Türk Dövlətləri Təşkilatının (TDT) institusional əsaslarının möhkəmləndirilməsi, üzv ölkələr arasında qarşılıqlı etimadın artması və ortaq strateji baxışın formalaşması bu prosesin əsas hərəkətverici qüvvələri kimi çıxış edir.

Bunu AZƏRTAC-a açıqlaması zamanı türkiyəli siyasi ekspert Cafer Dal bildirib.

Onun sözlərinə görə, türk dövlətlərinin vahid siyasi platformadan çıxış etməsi onların qlobal proseslərə təsir imkanlarını artırır və regional təhlükəsizlik mühitinin sabitliyinə müsbət təsir göstərir.

“İqtisadi əməkdaşlıq isə bu inteqrasiya prosesinin əsas sütunlarından biri kimi ön plana çıxır. Üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılması, sərmayə qoyuluşlarının təşviqi və biznes mühitinin liberallaşdırılması istiqamətində atılan addımlar artıq konkret nəticələr verməkdədir. Xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, sənaye kooperasiyasının genişləndirilməsi və aqrar sektor üzrə əməkdaşlıq imkanlarının artırılması iqtisadi inteqrasiyanı daha da dərinləşdirir. Bu baxımdan, Bakıda keçirilən TDT-yə üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü xüsusi əhəmiyyət daşıyır. Azərbaycan paytaxtı artıq Türk dünyasının strateji qərarlarının qəbul edildiyi mühüm mərkəzlərdən birinə çevrilib. Görüş çərçivəsində aparılan müzakirələr siyasi koordinasiyanın gücləndirilməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın konkret mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edir. Bakı görüşündə nəqliyyat və logistika sahəsi xüsusi diqqət mərkəzindədir. Orta Dəhlizin inkişafı, tranzit potensialının artırılması və infrastruktur layihələrinin əlaqələndirilməsi məsələləri türk dövlətlərinin uzunmüddətli strateji maraqları baxımından prioritet istiqamətlərdən biridir. Bu marşrutun səmərəli fəaliyyəti Asiya ilə Avropa arasında yükdaşımaların daha sürətli və təhlükəsiz həyata keçirilməsinə imkan yaradır. Enerji sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir”, - deyə ekspert əlavə edib.

Cafer Dalın sözlərinə görə, rəqəmsal transformasiya və innovasiya sahələri də Bakı görüşünün əsas müzakirə mövzuları sırasındadır: “Rəqəmsal iqtisadiyyatın inkişafı, elektron xidmətlərin genişləndirilməsi və texnologiya sahəsində əməkdaşlıq türk dövlətlərinin qlobal rəqabət qabiliyyətini artıracaq əsas amillərdən biridir. Bu istiqamətdə ortaq platformaların yaradılması və təcrübə mübadiləsinin aparılması xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, humanitar və təhsil sahəsində əməkdaşlıq da inteqrasiyanın vacib komponenti kimi qiymətləndirilir. Tələbə mübadiləsi proqramları, ortaq elmi tədqiqat layihələri və mədəni əlaqələrin genişləndirilməsi Türk dünyasında ortaq identikliyin daha da möhkəmlənməsinə xidmət edir”.

Türkiyəli ekspert əlavə edir ki, TDT çərçivəsində iqtisadi inteqrasiyanın dərinləşdirilməsi üçün institusional mexanizmlərin təkmilləşdirilməsi vacibdir. Gömrük prosedurlarının sadələşdirilməsi, vahid rəqəmsal ticarət platformalarının yaradılması, eləcə də sərmayələrin qarşılıqlı qorunması üzrə sazişlərin genişləndirilməsi bu prosesə mühüm töhfə verə bilər. Eyni zamanda, ortaq investisiya fondlarının yaradılması və iri infrastruktur layihələrinin maliyyələşdirilməsi gələcək inkişaf üçün möhkəm zəmin yaradır.

Cafer Dalın fikrincə, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi davamlı və sistemli xarakter alır: “Bakı görüşü isə bu prosesin növbəti mühüm mərhələsi olmaqla yanaşı, türk dünyasının gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından strateji platforma rolunu oynayır. Bu görüş bir daha göstərir ki, türk dövlətləri ortaq maraqlar və qarşılıqlı fayda prinsipləri əsasında daha sıx inteqrasiyaya doğru inamla irəliləyir”.

Müxbir-Vüqar Qurbanoğlu

Seçilən
54
50
azertag.az

10Mənbələr