BAKI, 2 aprel. TELEQRAF
2 aprel - Ümumdünya Autizm Maarifləndirmə Günü autizm spektr pozğunluğu haqqında ictimaiyyətin məlumatlılığını artırmaq, erkən diaqnozun vacibliyini vurğulamaq və autizmli şəxslərin hüquqlarına diqqət çəkmək üçün qeyd olunur.
Teleqraf xatırladır ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən elan edilən bu gün hər il müxtəlif tədbirlər və kampaniyalarla dəstəklənir. Aprel ayı boyunca davam edən kampaniyalar bu şəxslərin sosial həyata adaptasiyasını sürətləndirməyə xidmət edir. Bu günün məqsədi autizm spektr pozuntusu barədə ictimai məlumatlılığı artırmaq, autizmli şəxslərin sosial inteqrasiyasını dəstəkləmək və onların hüquqlarına diqqət çəkməkdir.
.jpg)
Dövlət Statistika Komitəsindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, bu sahədə yeni statistik göstəricilər may ayında yayımlanacaq.
Komitənin 2024-cü il üzrə açıqladığı son rəsmi məlumatlara görə, Azərbaycanda tibb müəssisələrində autizm diaqnozu ilə qeydiyyatda olan şəxslərin ümumi sayı 3215 nəfərdir.
Qeydiyyatda olanların 2482 nəfəri kişi, 733 nəfəri isə qadındır.
Autizmli uşaqların müstəqil həyata hazırlanmasında və potensiallarının üzə çıxarılmasında tibbi dəstəklə yanaşı, inklüziv və xüsusi təhsil metodları həlledici rol oynayır.
Teleqraf-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, autizm spektr sindromlu uşaqların müəyyənləşdirilməsi və onların təhsil ehtiyaclarının qiymətləndirilməsi ölkə qanunvericiliyinə əsasən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə müəyyənləşdirilir:
“Qeyd edilən komissiyaların qərarına əsasən uşaq müvafiq təhsilə cəlb olunur. Qeyd edirik ki, autizm spektr pozuntusu tibbi diaqnozdur. Təhsil kontekstində onun səbəb olduğu əqli gerilik, diqqət çatışmazlığı, hiperaktivlik, nitqin inkişafında ləngimə, sosial kommunikasiya və başqa çətinlikləri nəzərə alınır.
“Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları”nda təlimin sadələşdirilməsi və uyğunlaşdırılması nəzərdə tutulub. Bu məqsədlə, uşağın təlim ehtiyacları müəyyənləşdirilir, həmin ehtiyaca uyğun təlim forması seçilir”.