AZ

Azərbaycanda yayılan virus COVID in yeni ştamıdır?

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son günlər Azərbaycanda respirator xəstəliklərin artması cəmiyyətdə müəyyən narahatlıq yaradıb.

Dünyada isə səhiyyə qurumları bir müddətdir aşkarlanmadan yayılan və “Cicada” kimi tanınan yeni COVID-19 variantı BA.3.2-yə daha çox diqqət yetirirlər.

Bu arada, qrip halları azalsa da, hələ də nəzərəçarpacaq səviyyədə qalır, eyni zamanda yaz mövsümündə polenlərin artması səbəbindən mövsümi allergiyalar da çoxalır.

Qeyd olunan bu halların simptomları tez-tez üst-üstə düşdüyündən, diaqnozun qoyulmasını çətinləşdirir.

CDC-nin məlumatına görə, BA.3.2 variantı ABŞ-də tədricən yayılır, lakin hazırda yoluxma hallarının kiçik bir hissəsini təşkil edir.

Qlobal miqyasda isə artıq 20-dən çox ölkədə aşkarlanıb və bəzi regionlarda infeksiyaların 30%-ə qədərini təşkil etdiyi bildirilir. Ümumdünya Səhiyyə Təşkilatı bu yüksək mutasiyaya uğramış variantı öz nəzarət siyahısına əlavə edib.

Qızdırma, boğaz ağrısı, öskürək, burun axıntısı və halsızlıq kimi əlamətlər həm virus infeksiyalarında, həm də allergik reaksiyalarda müşahidə oluna bildiyindən, fərqləndirmə bəzən çətinləşir.

Bu səbəbdən yaranan əsas suallardan biri yeni variantın Azərbaycana daxil olma ehtimalı, həmçinin hazırda müşahidə olunan simptomların hansı amillərlə bağlı olmasıdır.

Yeni variant Azərbaycana da yayıla bilərmi, yoxsa müşahidə olunan simptomlar sadəcə mövsümi xəstəliklərlə bağlıdır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında infeksionist Mərdan Əliyev bildirib ki, virusaların aktiv olmasının səbəbi havaların tam isinməməsi ilə bağlıdır:

“Son günlər yayılan xəstəliklər əsasən mövsümi xarakter daşıyır. Kəskin respirator virus infeksiyaları, yuxarı tənəffüs yollarının kəskin iltihabi xəstəlikləri (qripə bənzər xəstəliklər) ümumilikdə 200-dən çox virus tərəfindən törədilir. Hazırda bu viruslar dövriyyədədir. Bunun əsas səbəbi isə havaların hələ tam isinməməsidir.

Xüsusilə mart ayında bu tip xəstəliklərin artması və daha ağır gedişata malik olması müşahidə olunur. Çünki bu dövrdə havanın gah isti, gah soyuq, küləkli və yağışlı keçməsi, temperaturun kəskin dəyişməsi insan orqanizmini stressə salır”. 

Onun sözlərinə görə, orqanizm temperatur dəyişikliklərinə tam uyğunlaşa bilmir:

“Nəticədə bəzən tərləmə, bəzən isə soyuqlama halları baş verir. Bu da insanın xəstəliklərə qarşı həssaslığını artırır və xəstəliklərin daha ağır keçməsinə səbəb ola bilər. Bu baxımdan, mart ayında xəstəliklərin sayının artması gözlənilən haldır və bəzi hallarda daha ağır gediş müşahidə edilə bilər.

Mütəxəssislər tövsiyə edir ki, insanlar hava şəraitini nəzərə alaraq uyğun geyinsin, temperatur dəyişikliklərini izləsin və həyat tərzini buna uyğun tənzimləsinlər. Bu amillər xəstəliklərdən qorunmağa kömək edə bilər”.

İnfeksionist qeyd edib ki, bundan əlavə, xəstəliklərin artdığı dövrdə ictimai yerlərdə təmasların minimuma endirilməsi də yoluxma riskini azalda bilər:

“Eyni zamanda COVID-19-un yeni variantının mövcudluğu barədə məlumatlar olsa da, onun Azərbaycanda yayılıb-yayılmadığı dəqiq bilinmir.

Ümumilikdə isə COVID-19-un aktiv mövsümünün başa çatdığı hesab olunur. Buna görə də yaxın dövrdə respirator xəstəliklərin tədricən azalacağı gözlənilir”.

Gülər Həsənli

“Cebheinfo.az”

Açar sözlər:

infeksiya Mərdan Əliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr