AZ

İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina bu gün keçirilən fövqəladə iclas zamanı istefa verib.

Sportal.az xəbər verir ki, bu qərar milli komandanın növbəti uğursuzluğundan sonra qəbul olunub. İtaliya yığması dünya çempionatına vəsiqə qazana bilməyib. Komanda pley-off finalında Bosniya və Herseqovina yığmasına penaltilər seriyasında uduzub.

Beləliklə, “Skuadra Adzurra” ardıcıl üçüncü dəfə mundialdan kənarda qalacaq. Bu nəticə İtaliya futbolunu köklü dəyişikliklərə hazırlaşmağa məcbur edir. Mənbələrin məlumatına görə, Qravinanın istefası yalnız tam yenilənmə prosesinin ilk addımıdır.

Gözlənilir ki, prezidentdən sonra milli komandanın baş məşqçisi Cennaro Qattuzo və 2023-cü ilin yayından etibarən komandanın meneceri kimi fəaliyyət göstərən əfsanəvi Canluici Buffon da vəzifələrindən ayrılacaqlar.

Fövqəladə iclasda İtaliya futbolunun əsas fiqurları iştirak ediblər. Toplantıda A Seriyasının prezidenti Etsio Simonelli, B Seriyasının rəhbəri Paolo Beden, C Seriyasının başçısı Matteo Marani, Həvəskarlar Liqasının rəhbəri Cankarlo Abiti, həmçinin futbolçular həmkarlar ittifaqının və məşqçilər assosiasiyasının prezidentləri Umberto Kalkanyo və Renzo Ulivieri yer alıblar.

Qabriele Qravina 2018-ci ilin oktyabrından etibarən İtaliya futboluna rəhbərlik edirdi. Onun dövrü Avro-2020-dəki zəfərlə yadda qalsa da, bu uğur 2022 və 2026 Dünya çempionatlarının seçmə mərhələlərindəki uğursuzluqlarla kölgədə qalıb. Onun rəhbərliyi dövründə milli komandaya Luçano Spalletti (2023-cü ildə) və Cennaro Qattuzo (2025-ci ildə) başçılıq edib.

saytlarin hazirlanmasi

Seçilən
20
3
sportal.az

5Mənbələr