AZ

Kəşfiyyatın “Mixaylo”su adlandırılan şəhid kapitan

Aprel döyüşlərində tabeliyindəki heyətlə birlikdə həlak olan Mühüd Orucovun həyat yoldaşı:”O, Vətən sevgisini hər şeydən uca tuturdu”

Bakı, 2 aprel, AZƏRTAC

Hər kəs onu kəşfiyyatın “Mixaylo”su kimi xatırlayır. Daha çox riskli və ən çətin əməliyyatlarda uğurlu iştirakı ilə tanınan qəhrəman Ali Baş Komandan, Prezident İlham Əliyev, müdadiə naziri və Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı tərəfindən dəfələrlə təltif olunub. Aprel döyüşləri zamanı isə düşmənin “Ohanyan səddini” rahatlıqla keçən ilk qəhrəmanlardan biri kimi tarixə düşüb.

AZƏRTAC Aprel döyüşləri şəhidi, XTQ kapitanı Mühüd Orucovun həyat və döyüş yoluna nəzər salır.

O, 1984-cü il iyulun 13-də Ermənistan ilə sərhəddə yerləşən Qazax rayonunun Fərəhli kəndində dünyaya göz açıb, uşaqlığı da həmin yaşayış məntəqəsində keçib. Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hücumları başlayandan sonra burada atəşkəs tez-tez pozulur, mülki əhali hədəfə alınırdı. Məhz həmin düşmən təxribatları onun gələcəkdə zabit olmaq qərarının əsasını qoymuşdu. Atası Mühüdə düşməndən qorxmamağı, igid Azərbaycan əsgərlərinin onları qoruduğunu aşılayırdı. Hərbi formaya xüsusi sevgisi olan Mühüd atasına ya şəhid, ya da general olacağı barədə söz vermişdi.

Mühüd orta məktəbi VIII sinfə qədər doğma kəndində oxuyub, sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. O, 2002-ci ildə liseyi bitirib və Heydər Əliyev adına Hərbi İnstituta qəbul edilib. 2006-cı ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirib. 2006–2007-ci illərdə Təlim-Tədris Mərkəzində zabit hazırlığını tamamlayıb. Təhsilini başa vurandan sonra Müdafiə Nazirliyinin əmri ilə "N" saylı hərbi hissədə kəşfiyyat taqım komandiri, sonra isə XTQ-də tabor komandiri vəzifəsinə qədər yüksəlib.

Mühüd 2008-ci il avqustun 8-dən noyabrın 15-dək Türkiyədə Dağ Komando Okulunda komando kursunda təlim keçib. Kursda olduğu müddətdə Mühüd intizamı, fiziki hazırlığı ilə diqqət çəkməyi bacarıb. Çətin tapşırığın öhdəsindən gələn Mühüd Orucovu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan aslanı” adlandırıb. Kurs müddətində Mühüd ən yüksək nəticələr əldə edərək 2 min nəfərin iştirak etdiyi təlimləri kurs birincisi olaraq başa vurub.

XTQ-də tabor komandiri vəzifəsinə yüksələn ən gənc zabit olan Mühüd Orucov ön xətdə, ən təhlükəli nöqtələrdə xidmət edib. O, Aprel döyüşlərindən əvvəl bir sıra döyüş əməliyyatlarının, məxfi tapşırıqların iştirakçısı olub. 2014-ci il avqustun 1-2-də Ağdam rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən Mühüd yanındakı iki nəfərlə birlikdə düşmənin 18 xüsusi təyinatlısını məhv edərək, döyüş yoldaşlarını düşmən pusqusundan xilas edib. Həmin əməliyyata görə Ali Baş Komandan, Prezident İlham Əliyev cəbhə bölgəsində Mühüd Orucovu qiymətli hədiyyə - qızıl saat ilə mükafatlandırıb, ona uğurlar arzu edib.

Aprel döyüşlərində Mühüd Orucov Goranboy rayonu ərazisində düşmənin təxribatının qarşısını alarkən Talış kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin 22 nömrəli postunu ələ keçirib və erməni taqımının 13 nəfər şəxsi heyətini məhv edib. Düşmən onlarla canlı qüvvəsini itirərək geri çəkilib. Nəticə əldə etmədiyinə görə ermənilər növbəti əks hücumu aprelin 3-ü saat 10 radələrində həyata keçirib. Bu hücumda ermənilərin 1 tank bölüyü, 1 artliieriya bateriyası və 1 xüsusi təyinatlı taboru iştirak edirdi. Həmin postda Mühüd və bölməsi 2 saat qəhrəmancasına və böyük fədakarlıqla döyüşüb, onlar əllərində olan silahlarla düşmənin bir neçə tankını və bölməsini məhv ediblər. Sursatlar qurtarsa da, Mühüd postu son nəfəsinə kimi qəhramancasına müdafiə edib və döyüş mövqeyini tərk etməyib. Düşmənin tank və artileriya atəşləri nəticəsində Mühüd tabeliyində olan heyətlə birlikdə döyüş mövqeyində qəhrəmancasına şəhid olub.

Beləliklə aprelin 3-də Talış yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə mərmi partlayışı nəticəsində qəhrəmancasına şəhid olan Mühüd aprelin 9-da doğma kəndi Fərəhlidə böyük izdihamla son mənzilə yola salınıb.

Şəhidin həyat yoldaşı Qumru Orucova Mühüdün çox ciddi və zəhmli zabit, eyni zamanda, mülayim, zarafatcıl və qayğıkeş insan olduğunu bildirib: “Mühüdlə 2009-cu ildə ailə qurmuşuq. Vüqar və Anar adında əkiz övladlarımız var. Mühüd çox mülayim, zarafatcıl və inanılmaz dərəcədə qayğıkeş ata idi. İşinin ağırlığına baxmayaraq, evə gələn kimi bütün yorğunluğunu unudar, uşaqlarla vaxt keçirərdi. Onun verdiyi güvən hissi, ailəsinə olan sonsuz bağlılığı bizim üçün ən böyük xatirədir”.

Həyat yoldaşını şəhadətindən bir neçə gün əvvəl görmüş Qumru Orucova o günləri belə xatırlayıb: “Sonuncu dəfə 2016-cı il martın 28-də səhər Mühüdü yola saldıq. O, peşəkar hərbçi olduğu üçün evdə heç nə deməzdi. Həmin günlərdə əlaqə saxlamaq mümkün olmurdu. Son dəfə aprelin 2-si günortadan sonra danışdıq. Səsində arxayınlıq və qətiyyət var idi, hər şeyin yaxşı olduğunu deyərək bizi sakitləşdirdi. Mühüd Vətən sevgisini hər şeydən uca tuturdu və o günlərdə də yalnız torpaqlarımızın azadlığını fikirləşirdi. Sonuncu danışığımız yaddaşıma əbədi həkk olunub, sanki bizimlə vidalaşır, amma bizi qorumaq üçün bunu çox ehtiyatlı şəkildə edirdi. Möhkəm dayanmağımı, uşaqlardan muğayat olmağımı dönə-dönə tapşırdı. Onun məğrur səsini heç vaxt unuda bilmərəm. Mühüd aprelin 3-də Tərtər-Goranboy istiqamətində strateji əhəmiyyətli Talış yüksəkliyi uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid oldu. Mühüd özündən sonra dolmayacaq bir boşluq buraxdı. Ondan geriyə elə hikmətli sözlər, kəlamlar qaldı ki, onun hər kəlməsi indi mənim üçün bir vəsiyyətdir. İstəyirəm, gələcək nəsillər bilsin ki, bu gün azad nəfəs aldığımız torpaqlar Mühüd Orucov kimi fədakar, qorxmaz, Vətənini canından çox sevən oğulların sayəsində bizdədir. Mühüdün həyat yolu, zabit şərəfi və göstərdiyi şücaət hər bir azərbaycanlı gənc üçün əsl vətənpərvərlik örnəyidir. O, xalqının qəlbində əbədi yaşayan qəhrəmanlardandır”.

Qeyd edək ki, şəhid kapitan Mühüd Orucov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub .

Müxbir – Göyçək Mahmudlu

Seçilən
43
1
azertag.az

2Mənbələr