AZ

İlon Mask trilyoner olmağı planlaşdırır

Bakı, 2 aprel, AZƏRTAC

ABŞ-ın “SpaceX” şirkəti birjaya çıxış üçün müraciət edib. Bu, tarixdə ən iri səhmlərin yerləşdirilməsi hadisəsinə çevrilə və şirkətin təsisçisi İlon Maskı dünyada ilk trilyoner edə bilər.

AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, ilkin ictimai təkliflərin (IPO) iyun ayında keçirilməsi gözlənilir və 75 milyard dollara qədər vəsait cəlb ediləcəyi bildirilir. Bu göstərici “Saudi Aramco”nun 2019-cu ildə topladığı rekord 29 milyard dolları xeyli üstələyə bilər.

“PitchBook” şirkətinin məlumatına görə, “SpaceX”in dəyəri 1,5 trilyon dollara çata bilər. Şirkətin təxminən 42 faiz səhminə sahib olan İlon Maskın sərvəti artıq trilyon dollarlıq həddə yaxınlaşıb. Onun sərvəti 823 milyard dollar qiymətləndirilir.

Mənbələr anonimlik şərti ilə bu barədə mediaya məlumat veriblər. Onların sözlərinə görə, ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasına təqdim olunan məxfi qeydiyyatla bağlı açıq danışmaq səlahiyyətləri yoxdur.

“SpaceX” isə bu məlumatları hələlik şərh etmir.

Şirkət təkrar istifadə olunan raketlər vasitəsilə astronavtların və avadanlıqların orbitə çıxarılması ilə yanaşı, dünyanın ən böyük peyk rabitə şirkəti olan “Starlink”ə də sahibdir. Bu yaxınlarda “SpaceX” İlon Maskın daha iki şirkətini – “X” sosial şəbəkə platformasını və “xAI” süni intellekt şirkətini özünə birləşdirib. Bu sövdələşmə mübahisə doğurub, çünki həm alıcı, həm də satıcı Maskın nəzarətində olub.

“SpaceX” kommersiya buraxılışları sahəsində aparıcı şirkətə çevrilib və dünyanın müxtəlif ölkələrindən müştərilər üçün faydalı yükləri orbitə göndərir. Bununla yanaşı, şirkət dövlətdən də maliyyə dəstəyi alır. Bu isə maraqların toqquşma ehtimalı olacağı ilə bağlı narahatlıq yaradır. Belə ki, İlon Mask ABŞ Prezidenti Donald Trampın seçki kampaniyasının iri sponsorlarından biri olub və onun fəal tərəfdarı olaraq qalır.

“USAspending.gov” saytının məlumatına görə, son beş ildə “SpaceX” NASA, ABŞ Müdafiə Nazirliyi və digər dövlət qurumlarından ümumilikdə 6 milyard dollar (5,2 milyard avro) dəyərində müqavilələr alıb. “SpaceX”in hazırkı investorları arasında ABŞ Prezidentinin böyük oğlu kiçik Donald Tramp da var. O, “1789 Capital” vasitəsilə səhmlərə sahibdir. Bu vençur şirkəti Trampın ikinci prezidentlik müddətini qazanmasından sonra onu tərəfdaş edib və o vaxtdan dövlət sifarişləri axtaran federal podratçılara investisiya yatırır.

Ağ Ev və Donald Tramp prezident kimi fəaliyyəti ilə ailəsinin biznes əməliyyatları arasında maraqların toqquşmadığını dəfələrlə bəyan ediblər.

Seçilən
22
1
azertag.az

2Mənbələr