1 yaşında olan uşaq həkim qəbuluna əlində telefonla gəlir. Anası deyir telefonsuz yemir, yatmır. 3 yaşında uşaq günün çox hissəsini telefondakı oyunlara baxır, aqressiv hərəkətləri təkrar edir, adını da qoyurlar ki, uşağım hiperaktivdir.

Tribuna.az xəbər verir ki, bu sözləri uşaq həkimi-pediatr Vaqif Qarayev Dünya Autizm Məlumatlandırma Günü ilə bağlı danışarkən deyib. Həkim valideynlərə müraciət edərək bildirib ki, uşaqlarınızı yalançı psixoloqların yanına aparmayın:
“Son illər ən çox müzakirə olunan mövzudur autizm. Dəqiq səbəbi bilinmir. Amma bizdə azca nitq və davranış pozğunluğu olan uşaqlara autizm diaqnozu qoyulur. Son vaxtlar, sağ olsunlar, autizm yox, autistik spektr diaqnozu qoyur “psixoloqlarımız”. Hiperaktivlik autizm deyil! Bu sözün mənasını bilən də, bilməyən də deyir uşağım hiperaktivdir.
1 yaşında uşaq qəbula əlində telefonla gəlir. Anası deyir, telefonsuz yemir, yatmır. Siz ona yaşına uyğun oyuncaqları niyə vermirsiniz ki? 3 yaşında uşaq günün çox hissəsini telefondakı oyunlara baxır. Sonra ordakı aqressiv hərəkətləri təkrar edir. Adını da qoyursunuz uşağım hiperaktivdir! Deyirlər, uşaq danışmır. Danışmayacaq da. Çünki evdə uşağı danışdıran yoxdur.
Bu yaşda uşaqla daim danışmaq lazımdır! Valideyn deyir, uşaq yatmır. Əlbəttə yatmayacaq! Gündüzdən beyni həmin aqressiv mənzərələrlə yüklənib.
Telefon bəlasından qurtulmağın açarı valideynin əlindədir! Pulunuzu yalançı psixoloqlara səpələməyin! Uşaqlarınızla özünüz məşğul olun”.