AZ

Macarıstan mediası Avropada enerji böhranı riski barədə xəbərdarlıq edib

Budapeşt, 2 aprel, AZƏRTAC

Macarıstanın “Index.hu” nəşri İranla bağlı münaqişənin Avropa enerji bazarı üçün mümkün nəticələrinə həsr olunmuş material dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə böhranın əsas səbəbinin neft və qaz tədarükü üçün ən vacib marşrutlardan biri olan Hörmüz boğazının bağlanması olduğu deyilir. Dünyanın enerji ehtiyatlarının təxminən 20 faizi oradan keçir və onun bloklanması artıq qlobal enerji təhlükəsizliyi üçün ciddi təhdid hesab olunur.

Müəlliflər vurğulayırlar ki, Avropa həssas vəziyyətdədir, çünki idxal olunan neft məhsullarının 40 faizindən çoxu Körfəz bölgəsindən idxal olunur. Boğazın uzun müddət bağlanacağı təqdirdə alternativ tədarük faktiki olaraq mövcud deyil. Bu da yanacaq çatışmazlığına səbəb ola bilər. Əvvəlki enerji şoklarından fərqli olaraq, çatışmazlıq eyni vaxtda bir neçə növ resursu - nefti, qazı və emal olunmuş məhsulları əhatə edir. Bu, bazarlara təzyiqi artırır və qiymət artımını sürətləndirir. Nəticələr artıq Avropada hiss olunur; yanacaq qiymətləri artır, hökumətlər isə təcili tədbirlər tətbiq etməyə məcburdurlar. Xüsusilə, Macarıstanda benzinə “qorunan qiymətlər” tətbiq edilib.

Ekspertlər xəbərdarlıq edirlər ki, vəziyyətin gələcək inkişafı inflyasiyanın sürətlənməsinə, sənaye xərclərinin artmasına və iqtisadiyyatın yavaşlamasına gətirib çıxara bilər. Onların qiymətləndirmələrinə görə, böhranın təsirləri bir neçə il ərzində hiss oluna bilər.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Seçilən
21
1
azertag.az

2Mənbələr