Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində bir ailədə altı uşaq dəm qazından zəhərlənib.
Bakıvaxtı.az xəbər verir ki, hadisənin təfərrüatları məlum olub.
Hadisə dünən axşam saatlarında şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Məsələ ilə bağlı uşaqların anası bildirib ki, hadisədən əvvəl uşaqlar həyətdə oynayırdılar:
"Mən də həyətdə iş görürdüm. Birdən gözümdən yayınıb evə girdilər. Əvvəlcə mətbəxə baxdım, orada deyildilər. Hamam otağına baxanda gördüm qapı açılmır. Güclə qapını açanda gördük, uşaqlar yerə səriliblər. İlk köməyə də qonşuları çağırdıq, sonra özüm bir-bir uşaqları çıxardım".
Uşaqların atası Kamil Cəbrayılov isə bildirib ki, onun 9 övladı var:
"Həmişə böyük uşaqlarım azyaşlıları yuyundururdu. Dünən də böyüklər balaca uşaqları yuyundurmaq üçün hamama aparmışdı. Bir müddətdən sonra uşaqlar hamamdan çıxanda gördük ki, rəngləri qaralıb, özlərini pis hiss edirlər" .
Qeyd edək ki, uşaqların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.