AZ

İlham Əliyev: "TDT-yə üzv ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq"

"Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür".

Moderator.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən səsləndirib.

Dövlət başçısı qeyd edib ki, üzv ölkələr arasındakı birliyin təməlində həm etnik mənsubiyyət, həm də coğrafi yaxınlıq dayanır:

"Bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu, birinci amildir. Ondan sonra bizim coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Ona görə bax, bütün bu amilləri nəzərə alaraq biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq".

Prezident TDT daxilində qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin vacibliyinə toxunaraq, bu formatın artıq ənənəyə çevrildiyini bildirib:

"Azərbaycanın təşəbbüsü ilə dövlət başçılarının qeyri-rəsmi görüşləri də keçirilməyə başlanıb. Birinci belə qeyri-rəsmi Zirvə Görüşü Qarabağda, Şuşada keçirilib. Artıq bu, ənənə halına çevrilib və hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Dövlət başçıları artıq ildə ən azı iki dəfə görüşürlər. Çünki həm müzakirə edilməli məsələlər çoxdur, həm dünyada proseslər o qədər sürətlə gedir ki, daim biz məsləhətləşmələr aparmalı, bir-birimizin fikirlərini öyrənməli və düzgün qərarların qəbul edilməsi üçün ortaq addımlar atmalıyıq".

İlham Əliyev iqtisadi əlaqələrin dinamikasından danışarkən Azərbaycanın investisiya həcmini də açıqlayıb:

"İqtisadi sahədə işlər yaxşı gedir. Azərbaycana gəldikdə, bütün üzv ölkələrlə bizim ticarət dövriyyəmiz artır, qarşılıqlı sərmayə qoyuluşunun həcmi artır. Biz təşkilata üzv ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq".

Seçilən
2
4
moderator.az

5Mənbələr