"2016-cı il Aprel döyüşlərindən 10 il ötür. Buna baxmayaraq, xalqımız bu döyüşləri heç vaxt unutmayacaq. Aprel döyüşləri hər bir soydaşımızın yaddaşına əbədi həkk olunub. Bu döyüşlər bütün dünyaya Azərbaycan Silahlı Qüvvələrinin döyüş qüdrətini, xalqımızın yenilməz ruhunu nümayiş etdirdi və 2020-ci il Vətən müharibəsindəki tarixi Zəfərə gedən yolun başlanğıcı oldu. Dördgünlük döyüşlər işğalçı Ermənistan üçün ciddi siqnal oldu. İşğalçılar və onun havadarları dərk etmədilər ki, artıq Azərbaycanın öz sərhədlərini qorumağa və işğal altında olan ərazilərini azad etməyə qadir müzəffər ordusu var. “Dördgünlük müharibə” kimi tanınan bu döyüşlər, 1994-cü il atəşkəs sazişindən bəri bölgədə baş vermiş ən şiddətli silahlı qarşıdurma idi".
Hafta.az xəbər verir ki, bu fikirləri açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, Azərbaycan Ordusu, nəhayət, Ermənistanın illərlə davam edən işğalçılıq siyasətinə qarşı güclü əks-həmlə edərək düşmənə ağır zərbə vurdu. Bu döyüşlər Ermənistanın öz ordusunun məğlubedilməzliyi haqqında mifi darmadağın etdi. Eyni zamanda, işğalçılara ciddi “qulaqburması” oldu:
“2016-cı ilin mart ayından başlayaraq, Ermənistan silahlı qüvvələri cəbhəboyu yaşayış məntəqələrini daha intensiv atəşə tutmağa başlamışdı. Aprelin 1-dən 2-nə keçən gecə isə düşmən bütün mövqelərimizi və mülki əhalini artilleriya atəşinə məruz qoydu. Onlar faşistlərdən betər qəddarlıq nümayiş etdirərək dinc əhaliyə qarşı amansızlıq edir, uşağa, qadına, qocaya atəş açırdılar. Bu təxribat nəticəsində iki nəfər dinc sakin həlak oldu, on nəfər isə müxtəlif dərəcəli xəsarətlər aldı”.
Ç.Qənizadə Ermənistanın danışıqlar ərəfəsində gərginlik yaratmaq cəhdlərinin yeni olmadığını diqqətə çatdıraraq deyib ki, sanki bu ölkənin, bu xalqın mayası işğalçılıqdan tutulub. Artıq bu işğaldan, sərhədboyu ərazilərdəki təxribatlardan cana doyan Azərbaycan Ordusu əsl fədakarlıq göstərərək düşmənə layiqli cavab verdi. İşğalçılar ilk dəfə idi ki, belə bir təzyiqlə qarşılaşdıqlarından dərhal özlərini itirdilər və silah-sursatlarını atıb qaçmağa başladılar. Düşmənə ağır zərbələr vuran zabit və əsgərlərimiz yaralansalar da, döyüşü davam etdirərək, əsl qəhrəmanlıq göstərdilər.
Komitə sədri Prezident, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinə verdiyi qiyməti xatırladaraq deyib ki, dövlətimizin başçısı bu döyüşlərin dərsliklərə salınmasını tövsiyə edib:
“Bu qələbə ordumuzun həm döyüş, həm də yüksək mənəvi-psixoloji hazırlığa malik olduğunu da təsdiqlədi. Aprel qələbəsi onu da təsdiqlədi ki, Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Bu qələbə xalqımıza bir gerçəkliyi də yaşatdı: Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Hüquq müdafiəçisi bu döyüşlərin hərb tariximizə Aprel döyüşləri kimi həkk olunduğunu xatırladaraq deyib ki, yenilməz Ordumuzun qələbəsi ilə nəticələnən bu döyüşlərdə düşmənə sarsıdıcı zərbələr vuruldu. Qəhrəman Silahlı Qüvvələrimizin əsgər və zabitləri dörd gün ərzində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini, Cocuq Mərcanlını, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonu istiqamətində işğal altında olan 2000 hektardan çox ərazini işğaldan azad etdi. Eyni zamanda, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.
“Aprel döyüşləri ordumuzun, həmçinin xalqımızın Qələbəyə, torpaqlarımızın düşmənlərdən azad edilməsinə olan inamı möhkəmləndirdi və hər kəsdə bu Zəfərə əminliyi ifadə etdi. Biz 2018-ci il Naxçıvanın Günnüt kəndinin azad edilməsi, 2020-ci il Tovuz döyüşləri, nəhayət, 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə zamanı bu əminliyin və inamın şahidi olduq. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Eyni zamanda Vətən müharibəsindəki tarixi Qələbəmizə gedən yolun əsasını qoydu”, - deyə Ç.Qənizadə bildirib./azertag/