AZ

“MilliÖn” niyə ödənişlərdən komissiya tutur? – AÇIQLAMA

Bəzi ödəniş terminallarında, xüsusilə “MilliÖn”dən şəxsi bank hesablarına edilən köçürmələr zamanı tutulan komissiya haqları vətəndaşlar arasında narazılıq doğurur. Xüsusilə kredit ödənişləri və gündəlik pul köçürmələri zamanı tətbiq olunan bu faizlərin səbəbi sual doğurur.

NOCOMMENT.az xəbər verir ki, iqtisadçı Xalid Kərimli Pravda.az-a açıqlamasında deyib ki, “MilliÖn” kommersiya təşkilatıdır, göstərdiyi xidmət də onların biznes modelidir:

“Vətəndaş narazıdırsa, istifadə etməsin. Şərt deyil ki MilliÖn xidmətindən istifadə etsin. Biznes modelini qurmaq üçün böyük investisiyalar edilir. Vaxtında müştəri yığmaq üçün pulsuz edirdi, indi isə pul qazanmaq istəyir. Vətəndaşlar istəmirlərsə, bank filiallarına, banka yaxınlaşa bilərlər. Evinin yanında və ya proqramda rahat xidmət almaq istəyirsə, bunun ödənişini etməlidir. Bu xidmətlər göydən düşməyib, onlar üçün insanlar işləyir, texnologiyaya xərc qoyulur, təhlükəsizliyə təminat verilir. Özəl biznesdir. Göstərdiyi xidmət qarşılığında komissiya alması tam normaldır. Komissiya almaması sual yarada bilər”.

İqtisadçı ekspert Əkrəm Həsənov da bildirib ki, bu növ aparatlar xidmət göstərirlər və aldıqları faiz xidmət haqqıdır:

“Sadəcə, o xidmət haqqını onlara əvvəllər banklar ödəyirdi. Banklar bu işdə maraqlı idilər ki, müştəri üçün rahat olsun, əsas ödənişlərini ödəsinlər. Hazırda bankların da vəziyyəti yaxşı deyil. Hamı qəpiyinə də qiymət verir. Banklar da deyir “Mən sənə nə üçün qazandırmalıyam?”. Sistemlər də artıq özünü tutub. Deyirlər ki, özün qazan! Banklar o pulu ödəmək istəmirlər. Müştərilərə deyirlər ki, pulu ödəmək istəyirsənsə, gəl “məndə” ödə. Bu məntiqəuyğundur. Bütün dünyada da belədir. Vətəndaşların da seçim haqqı var. Rahatçılıq baxımından istəyirlərsə, bu üsulu seçsinlər, əks halda banka getməlidirlər”.

Seçilən
55
2
nocomment.az

3Mənbələr