AZ

"Dünya görünməmiş asimmetrik müharibə ilə üz-üzədir" - Hikmət Babaoğludan AÇIQLAMA

Milli Məclisin deputatı Hikmət Babaoğlu beynəlxalq münasibətlər və son geosiyasi proseslərlə bağlı fikirlərini açıqlayıb.

O, News365.az-a bildirib ki, hazırda İran ilə ABŞ arasında gedən proseslər klassik diplomatik danışıqlardan fərqlənir.

Onun sözlərinə görə, tərəflər arasında birbaşa görüşlər olmasa da, dolayısı ilə informasiya mübadiləsi və “nəbz yoxlama” prosesi davam edir.

Deputat qeyd edib ki, bu prosesdə Pakistan üçüncü tərəf kimi çıxış edir və tərəflər arasında mesajların ötürülməsində rol oynayır. O bildirib ki, ABŞ tərəfindən irəli sürülən çoxsaylı təkliflərə İranın reaksiyası faktiki olaraq müəyyən ünsiyyətin mövcudluğunu göstərir.

Hikmət Babaoğlu vurğulayıb ki, tərəflər “danışıq” anlayışını fərqli şəkildə şərh edir. ABŞ bunu mövcud proses kimi təqdim etdiyi halda, İran klassik diplomatik format – rəsmi görüşlər və razılaşdırılmış gündəlik əsasında aparılan müzakirələri əsas götürür və mövcud vəziyyəti tam danışıq kimi qəbul etmir.

Deputat əlavə edib ki, hazırda dünya indiyə qədər görünməmiş, olduqca mürəkkəb və asimmetrik müharibə ilə üz-üzədir. Onun sözlərinə görə, bu qarşıdurma həm texnoloji, həm ideoloji, həm də coğrafi baxımdan fərqlənir.

O qeyd edib ki, tarixdə ilk dəfə olaraq bu qədər uzaq məsafədən – minlərlə kilometr aralıdan aparılan və yüksək dağıdıcı gücə malik qarşıdurma müşahidə olunur. Deputatın fikrincə, mövcud vəziyyət son dərəcə gərgindir və beynəlxalq təhlükəsizlik üçün ciddi risklər yaradır.

 News365.az

Seçilən
4
news365.az

1Mənbələr