AZ

Kanadadakı güzgümüz “Azerbaijan Post”

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyanın ən böyük və rifahlı, sülh və tərəqqi sevən ölkələrindən biri olan Kanadada 2008-ci ildən əvvəlcə“Heydərbaba”adı ilə çıxmağa başlayan, 2023-ci ildən “Azerbaijan Post” adlanan, ən maraqlısı, özündə qəzet və jurnal xüsusiyyətlərini birləşdirərək, səhifələri xəbər, publisistika, elm, ədəbiyyat, sənət və digər sahələr üzrə materialları əhatə  edən aylıq dərgi , bu ölkədə Azərbaycançılığın, eləcə də Türk dünyasının aynasıdır desək, yanılmarıq. 

Dərgi 2011-ci ildə Kanadanın Milli Etnik Mətbuat və Media Şurasına üzv qəbul olunub, Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN) alıb. Hazırda “Azerbaijan Post”  32 səhifəlik aylıq nəşr formatında, məqalələri Azərbaycan, Türk, ingilis və fars və dillərində olmaqla, 5 min tirajla çap olunur, Kanadanın iri şəhərlərində yayılır. İctimai yönü ilə yanaşı dərgi beynəlxalq Crossref sisteminə üzv olaraq, elmi və analitik məqalələr üçün daimi rəqəmsal identifikatora (DOI) da malikdir. Bu isə o deməkdir ki, bu media orqanında yayımlanan məqalələr beynəlxalq elmi səviyyədə etibarlı sayılır və davamlı rəqəmsal istinadla elmi ədəbiyyatlarda istifadə oluna bilir. O, rəqəmsal platformalarda da fəaldır və sosial şəbəkələr vasitəsilə dünyanın dörd bir yanından geniş oxucu auditoriyasını cəlb etməyi bacarıb.

Bu baxımdan, Azərbaycan alimlərinin dəyərli tədqiqatlarına dərginin səhifələrində geniş yer verilir. AMEA-nın və digər elm və təhsil qurumlarının əməkdaşlarının araşdırma yazıları bir sıra hallarda onun nömrələrinin ana xəttini, leytmotivini təşkil edir.

Elə “Azerbaijan Post”un son mart nömrəsi də bu deyilənlərin ən bariz nümunəsi sayıla bilər. Budəfəki buraxılışdakı yazılarda dahi Nizami Gəncəvinin bəşəri irsinin, o cümlədən onun öz əsərlərində dünya nizamı naminə şərh etdiyi ideyaların və bu kontekstdə müasir, narahat zəmanəmizdə Azərbaycanın planetar çağırışlarının ruhu hiss olunmaqdadır. Nəşrin baş məqaləsinin “Dünya parçalanır, Bakı danışır”adlandırılmasında da elə bu hikmət var.

“Azerbaijan Post”un redaksiyası ilə əməkdaşlıq əlaqələrində olan gəncəli alim, AMEA-nın Gəncə Bölməsinin sədr müavini, nizamişünas, dosent Əlimuxtar Muxtarov bizimlə söhbətində dərgidəki yazıların xüsusiyyətlərinə toxunub:

“Kanadada nəşr olunan bu dərginin  mart sayı Bakıda  Azərbacan Respublikaının Prezidenti İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2026-cı ilin 12-14 mart tarixlərində Bakıda keçirilmiş XIII Qlobal Bakı Forumuna və bu görüşün vacib missiyasına dair  analitk redaksiya yazısı ilə başlayır. Yazıda ölkə başçımızın dünyada fikir ayrılıqlarının aradan qaldırılması məsələlərinə dair mesajları şərh olunub”- deyə, o, bildiriib.

Həmsöhbətimiz bu dəfəki nəşin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin məqsəd və məramları ilə məxsusi səsləşdiyini qeyd edib və bu baxımdan dahi şairimizin irsi ilə bağlı AMEA-nın əməkdaşlarının geniş elmi məqlə və müsahibələrin verildiyini qeyd edib.

“Bilindiyi kimi, bu ilin iyul ayında  Nizami Gəncəvinin anadan olmasının 885 illiyi ilə bağlı şairin doğma şəhərində  AMEA-nın Gəncə Bölməsi, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” adlı II Beynəlxalq Konfrans  olacaq. Bu münasibətlə “Azerbaijan Post” Gəncənin alimlərinin nümayəndəsi kimi mənimlə müsahibəni, eləcə də Beynəlxalq Konfransın elanını dərc edib, bu addımla da tədbirə daha çox sayda xarici alimlərin qatılacağına xidmət göstərmiş olub.

Dərginin bu sayında həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Nizamişünaslıq” şöbəsinin dosenti Zəhra Allahverdiyevanın “Nizami Gəncəvinin nəsil şəcərəsi” adlı böyük elmi  məqaləsi də yer alıb. Məqalədə şairin nəsil köklərinin türk boyları ilə əlaqəli olduğu bildirilir, əsərlərində əks olunan adət-ənənələrin Azərbaycan türk-müsəlman mühitini əks etdirdiyi vurğulanır. Eyni zamanda, əsərlərindəki coğrafi və etnoqrafik təsvirlərin Azərbaycan mühitinə uyğun gəldiyi qeyd olunur və bu faktların Nizaminin Azərbaycan ədəbi-mədəni mühitinə bağlılığını təsdiqlədiyi göstərilir.

Həmçinin Bakı Dövlət Universitetindən fəlsəfə doktoru Pərviz Kazımlının Nizaminin əsərlərindəki multikultural dəyərlər haqda məqaləsi də böyük maraq doğurub” –deyə, Ə. Muxtarov Azərbaycan alimlərinin bu sayda dərc olunmuş yazılarının məzmunu haqda məlumat verib.

Yuxarıdakıtəqdirəlayiq nümunəni nəzərə alaraq, demək istərdik ki, Vətəndə yaşayan yaradıcı və tədqiatçı insanların diaspor nəşrləri vasitəsilə də Azərbaycançılığın  təbliğ və təşviqinə xidmət göstərmək imkanlarına ciddi yanaşılmalıdır.

Zakir Muradov,

Gəncə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
525.az

1Mənbələr