AZ

Ailədaxili zorakılıq uşağın ruhunda dərin və sağalmaz izlər buraxır

Ailədaxili zorakılıq, bu, sadəcə iki böyük insanın problemi deyil. Bu, evin divarlarına hopan səssiz qışqırıqların, gecə yarısı qorxu ilə açılan gözlərin, uşağın ruhunda açılan görünməz yaraların adıdır.

Uşaq üçün ev , dünyanın ən təhlükəsiz yeri olmalıykən, zorakılığın hökm sürdüyü bir mühitdə o ev qorxu yuvasına çevrilir. Qapının cırıltısı belə ürək döyüntüsünü sürətləndirir, atılan hər addım bir təhlükənin xəbərçisi kimi qəbul edilir. Uşaq nə baş verdiyini tam anlamasa da, hiss edir. Çünki qorxu izah istəmir – o, birbaşa ürəyə toxunur.

Belə uşaqlar səssiz böyüyür. Bəziləri danışmamağı seçir, bəziləri isə qışqıraraq diqqət çəkməyə çalışır. Amma hər iki halda ortaq bir həqiqət var: onlar içəridə parçalanır. Sevginin yerini qorxu, güvənin yerini şübhə tutur. Uşaq “ailə” sözünü eşidəndə istilik yox, gərginlik hiss edir.

Ən ağrılısı isə budur ki, bu uşaqlar böyüyəndə ya zorakılığın qurbanı olmağa davam edir, ya da bilmədən zorakılığı təkrar edənə çevrilir. Çünki onlar sevginin necə göründüyünü heç vaxt görməyiblər. Onlar üçün sevgi – qışqırıqdan sonra gələn sükut, üzrxahlıqdan sonra yenidən başlayan ağrıdır.

Amma hər şeyin dəyişməsi mümkündür. Bir uşağın həyatını dəyişmək üçün bəzən bir nəfərin cəsarəti kifayət edir. Susmamaq, görməzlikdən gəlməmək, “bu ailənin öz problemidir” deməmək… Çünki hər susulan zorakılıq, bir uşağın gələcəyindən oğurlanmış bir ümiddir.

Unutmayaq: uşaqlar yalnız bu günü yaşamır, sabahı da qururlar. Və onların sabahı bizim bu gün nə qədər cəsarətli olduğumuzdan asılıdır.

Müəllif: Günay Hacıyeva
Seçilən
27
1
sia.az

2Mənbələr