AZ

Müharibədə sərt dönüş: Tramp qələbəyə məcburdur

ABŞ-İsrail ilə İran arasında qarşılıqlı hücumlar davam edir. 

ABŞ və İsrail İran ərazisində strateji əhəmiyyət kəsb edən obyektlərə raket zərbələri endirdiyi halda İran da öz növbəsində İsrailin şəhərlərini və ABŞ-nin Körfəz ölkələrində, İordaniyada və İraqda hərbi bazalarını raket atəşinə tutur. 

Bu müharibədən ən çox Körfəz ölkələri – Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn zərər çəkməkdədir. 

Çünki bu ölkələrin neft-qaz istehsalı ilə məşğul olan müəssisələri və neft tankerləri İranın hücumlarının hədəfinə çevrilib. 

İndiki proseslərdə ən çox diqqətçəkən, xüsusi məqam müharibənin getdiyi bir zamanda ABŞ ilə İran arasında danışıqların aparılmasıdır. Sözügedən danışıqlar prosesi ilə bağlı müxtəlif iddialar səsləndirilir. 

ABŞ Prezidenti Donald Tramp İrana konkret sərt şərtlər irəli sürüb və Tehranı Vaşinqtonun şərtlərini dərhal əməl etməyə çağırıb. Ağ Evin rəhbəri bəyan edib ki, şərtlərin yerinə yetirilməyəcəyi təqdirdə İranı daha ağır və sarsıdıcı hücumlar gözləyir. 

Maraqlıdır, növbəti mərhələdə ABŞ-nin İranla bağlı hansı tədbirlər görəcəyi gözlənilir? İrana qarşı hücum əməliyyatlarının daha da genişlənməsi ehtimalı var? 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, Tramp İrana qarşı müharibədə ABŞ-nin qələbəsini təmin etməyə məcburdur: 

“Trampın bu qədər sərt danışmasının əsas səbəblərdən biri ABŞ-nin Yaxın Şərqdə savaş bataqlığına düşməsidir. Vaşinqton bu bataqlıqdan çıxmaqda çətinlik çəkir. Hazırda ABŞ olduqca ağır bir vəziyyətdədir. Məsələ yalnız savaş meydanında deyil, ümumiyyətlə, ABŞ mürəkkəb bir vəziyyətlə üzləşib. 

Bir tərəfdən Hörmüz boğazı bağlanıb.  Bildiyimiz kimi, qlobal neft bazarlarına çıxarılan neft məhsullarının 20 % - i bu boğaz üzərindən daşınır. İndi bu 20 % təmin olunmadığına görə dünya iqtisadiyyatda ciddi problemlər yaşanmaqdadır. 

Bu, sözsüz ki, ABŞ iqtisadiyyatına da təsir göstərir. Ən önəmlisi isə NATO ölkələri, yəni ABŞ-nin Avropadakı müttəfiqləri Vaşinqtonun Yaxın Şərqdəki hərbi əməliyyatlarını dəstəkləmirlər. NATO üzvü olan ölkələr – İtaliya, İspaniya və Fransa öz hava məkanlarından ABŞ-nin hərbi məqsədlər üçün istifadə etməsinə icazə vermirlər. 

Hətta bəzi NATO ölkələri İraqdan öz hərbi kontingentini çıxarırlar və bununla Yaxın Şərqdəki müharibədən yayınmağa çalışırlar. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ Yaxın Şərqdə müharibə meydanında tək qalıb”. 

“Eyni zamanda, Hörmüz boğazı ilə bağlı məsələdə ABŞ qlobal məkanda genişmiqyaslı təzyiqlərə məruz qalır,” – deyən E. Xalidbəyli vurğulayıb ki, Trampın reytinqi otuz faiz səviyyəsinə düşüb: 

“Bu göstərici aşağı səviyyədədir. Bu, onu göstərir ki, Amerika ictimaiyyətində Tramp siyasi nüfuzunu itirməkdədir. ABŞ-nin bir çox ştatlarında Tramp administrasiyasının daxili və xarici siyasətinə qarşı kütləvi etirazlar var. 

Tramp üçün siyasi nüfuz məsələsi ciddi problemə çevrilib. Ən əsası da mövcud vəziyyət belə davam edərsə, respublikaçılar növbəti parlament seçkilərində ağır məğlubiyyətlə üzləşə bilərlər. 

Əgər respublikaçılar bu seçkilərdə məğlub olarsa, bu, Tramp üçün xoş olmayan nəticələrə gətirib çıxaracaq. Tramp öz səlahiyyətlərini icra etməkdə çətinlik çəkəcək. Həm Nümayəndələr palatasında, həm də Senatda Trampın qərarlarına veto qoyulacaq. Belə demək mümkünsə, Tramp administrasiyası böyük böhran içərisindədir”. 

E. Xalidbəylinin fikrincə, Tramp nəyin bahasına olursa- olsun, İrana qarşı müharibədə ABŞ-nin qələbəsini təmin etməyə məcburdur: 

“Belə bir vəziyyətdə Trampdan istənilən sərt bir addım gözləmək mümkündür. ABŞ-nin hərbi potensialı çox böyükdür və onun hərbi arsenalında daha hansı silahların olduğunu bilmirik. 

Ola bilər ki, növbəti mərhələdə ABŞ İranı tamamilə məğlub etmək üçün daha ağır və sarsıdıcı silahlardan istifadə edə bilər. Bu, qətiyyən istisna deyil”. 

Seçilən
22
50
cebheinfo.az

10Mənbələr