AZ

Əslində, 20 qəpiyədir, amma 4 manata satılır Zibil yeşiklərinə daşınır...

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Son günlərin hava şəraiti istixanalarda yetişən xiyarın böyük hissəsinin zərər görməsinə səbəb olub. Bununla bağlı AzTV-nin videomaterialında bildirilib.

Sitat: “Fevralın isti, martın soyuq keçməsi istixanalarda ciddi problemlər yaradır. Yetişən xiyarın üçdə biri, üçdə ikisi, bəzən isə dörddə üçü saralaraq tökülür”.

Hava şəraitinin yaratdığı məhsul itkisi meyvə-tərəvəzlərin bahalaşmasına səbəb ola bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynovanın sözlərinə görə, meyvə-tərəvəzin bahalaşması gözlənilmir:

“Əgər qiymət artımı müşahidə edilərsə, bu, süni qiymət artımı olar. Başqa sözlə desək, bir neçə gün yağan yağış işbazlar üçün fürsətin yaranması deməkdir. Hazırda istixana şəraitində tələf olan məhsullara qaldıqda isə, bəzi illərdə bu kimi hallar yaşana bilir. Ümumiyyətlə, kənd təsərrüfatı sektoru riskli sahədir. Yəni hər məhsul əkib-becərən şəxs əvvəlcədən riskləri gözə alır”.

Günay Hüseynova

İqtisadçının fikrincə, hansısa məhsulda itki olması ona əsas vermir ki, çölə atılan məhsulun pulu alıcının cibindən çıxsın:

“Bazarda qıtlıq yaranarsa, tələb təklifi üstələyərsə, bu zaman müəyyən həddə qiymət artımı anlaşılandır. Tərəvəz məhsullarının qiymətinə gəlincə, market və bazarlarda pomidor aylardır 5 manat, xiyar isə ən ucuz 4 manata təklif olunur. Günlərdir piştaxtada qalıb çürüməyə doğru gedəndə endirimə qoyulur və ya xarab olur, oradan da birbaşa zibil yeşiklərinə daşınır”.

Fermerin zərərinə gəlincə isə, Günay Hüseynova deyib ki, onlar zamanında məhsuldan yüksək gəlir qazandıqları üçün zərəri kompensasiya edə bilərlər:

“Mövsümündə 20-30 qəpiyə satılan xiyar indi niyə 4 manata satılmalıdır?! Mövsümü deyil, amma qiymət fərqi bu qədər yüksək olmamalıdır. Qiymətin alıcı büdcəsinə uyğun olması üçün ixraca məhdudiyyət qoyulmalıdır. Orqanik məhsullar xaricə göndərilir, daha sonra bazarda qıtlıq yaranır. Özümüz də xaricdən boyalı portağal, parafinli alma alırıq. Yaz fəslinin gəlişi ilə artıq məhsul yetişir. Ona görə də qiymət artımı və ya bazarda qıtlıq gözlənilmir”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
7
globalinfo.az

8Mənbələr