AZ

İlahiyyatçı: ""Quran"ın yanmadığını iddia etmək mövhumat və xurafatdır, kitab adi kağızdan hazırlanır"

Dünən Masallıda fərdi yaşayış evində yanğın baş verib. Yanğın nəticəsində ev külə dönsə də, "Quran" kitabı yanmayıb. Bu isə yenidən sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəziləri bunu baş verən kimyəvi proseslərlə əlaqələndirsələr də, bir qisim isə "Quran"ın mahiyyəti ilə bağlı olduğunu bildirib.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Tural İrfanın sözlərinə görə, Quran nüsxələri əsasən xüsusi materialdan hazırlanır və kağızın tərkibinə xüsusi maddələr vurulur: “Eyni zamanda qapalı kitabın vərəqləri arasına hava keçmədiyini görə tam yanmır. Yəni, bu, möcüzə deyil. "Quran" da adi kağızdan hazırlanır və yanır, xarab olur. Kitabın guya yanmadığını iddia etmək mövhumat və xurafatdır. Qurana görə Allah kainatın fəaliyyətini başdan təqdir və müəyyən edib ki, təbiət hadisələri fizika qanunlarına uyğunluğunu qoruyur. Yəni, qeyri-adi olaylar yalnız təbiət hadisələri zamanı meydana çıxır. Zahirdə möcüzə kimi görünən şeylər əslində mahiyyəti baxımından mütləq bir qanunauyğunluqdan yaranır. Qədimdə yerdən çıxan qazı alışdırıb möcüzə adlandırıb ona sitayiş edirmişlər. Halbuki bu adi bir təbiət hadisəsidir. "Quran" da digər kağızlar, kitablar kimi yana, xarab da ola bilir. Dəyişməyən və təhrif olmayan "Quran"ın kağızı və yazısı deyil, mənası və mahiyyətidir. Bununla bağlı ayə də var ki, Quran dəyişməz olaraq qalacaq”.

 

Şəhanə Quliyeva

Tarix: 3 Aprel 2026, 13:56   
Seçilən
46
pravda.az

1Mənbələr