AZ

Gübrə bazarında QİYMƏT TƏLƏSİ: Kəndli ÇARƏSİZDİR

Azərbaycanın kənd təsərrüfatı sektoru yaz-tarla işlərinin ən qaynar çağında ciddi bir problemlə üz-üzə qalıb. Cəmi 20-25 gün əvvəl bazarlarda 28 manata təklif olunan azot gübrəsinin qiyməti qısa müddətdə kəskin artaraq 40-45 manata yüksəlib. Təxminən 50 faizə yaxın olan bu sıçrayış fermerlərin xərclərini minimum ikiqat artırsa da, rəsmi qurumların bu vəziyyətə verdiyi cavablar məsələnin həllindən daha çox, mövcud qanunvericiliyin izahına bənzəyir.

NOCOMMENT.az-ın mövzu ilə bağlı sorğusuna rəsmi orqanlardan verilən cavabda bildirilir ki, gübrə qiymətləri dövlət tərəfindən tənzimlənən mallar siyahısına daxil deyil və bu səbəbdən qiymətlər bazar prinsipləri əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən edilir. Lakin bu “sərbəstlik” istehsalçının deyil, istehlakçı olan kəndlinin belini bükür.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, rəsmi qurumların “azad bazar” arqumenti arxasında gizlənməsi real vəziyyəti dəyişmir:

“Azot gübrəsinin qiymətindəki bu dərəcədə kəskin artımın heç bir iqtisadi məntiqi yoxdur. Dünya bazarlarında enerjidaşıyıcılarının qiyməti sabit olduğu halda, yerli bazarda bir neçə həftə ərzində 50 faiz bahalaşma baş verirsə, burada söhbət artıq bazar iqtisadiyyatından deyil, inhisarçı müdaxilədən və ya süni qiymət manipulyasiyasından gedir. Rəsmi qurumlar bildirirlər ki, qiymətləri sahibkarlar özləri təyin edir. Bəli, bu qanunidir, lakin Rəqəmlər Məcəlləsi və Antiinhisar qanunvericiliyi imkan vermir ki, bir neçə şirkət sövdələşərək qiyməti kütləvi şəkildə qaldırsın. Təəssüf ki, bizdə monitorinqlər aparılsa da, nəticə etibarilə fermer mağazadan gübrəni baha almağa məcbur qalır”.

Onun sözlərinə görə, dövlətin kənd təsərrüfatına verdiyi subsidiyaların əhəmiyyətli hissəsi məhz bu süni bahalaşma nəticəsində gübrə satan inhisarçıların cibinə gedir:

“Dövlət kəndliyə gübrə alsın daxili subsidiyalar ayırır, amma qiymət 28 manatdan 45 manata qalxan kimi o subsidiyanın heç bir effekti qalmır. Bu, faktiki olaraq büdcə vəsaitlərinin dolayısı yolla bir qrup sahibkarın mənfəətinə çevrilməsidir. Agentliyin “şikayət edin, baxaq” yanaşması isə bürokratik bir prosesdir. Fermerin vaxtı yoxdur ki, hüquqi sənədlər toplayıb inhisarçılığı sübut etsin. Bunu dövlətin müvafiq nəzarət qurumları özləri müəyyən etməli və bazara dərhal müdaxilə etməli idilər. Çünki gübrə strateji məhsuldur və onun qiyməti birbaşa ərzaq təhlükəsizliyinə, payızda süfrəmizə gələcək məhsulların bahalaşmasına təsir edir”.

Ekspert bildirib ki, rəsmi cavabda qeyd olunan “istehlakçıların sərbəst seçim hüququ” gübrə bazarında sadəcə kağız üzərindədir:

“Azərbaycanda gübrə bazarı elə də geniş deyil ki, kəndli bir yerdə baha olanda başqa alternativə üz tutsun. Təchizat zənciri məhdud sayda oyunçuların əlindədir. Əgər 20 gün ərzində qiymət 45 manata çatıbsa, bu, açıq-aşkar mövsümi fürsətçilikdir. Dövlət nəzarəti orqanları sadəcə statistik monitorinqlə kifayətlənməməli, bu qiymət artımının maya dəyəri ilə nə dərəcədə mütənasib olduğunu yoxlamalıdırlar. Əks halda, bu cür yanaşma kənd təsərrüfatını rentabelsiz hala gətirəcək və yerli istehsalı sıradan çıxaracaq. Kəndli torpağa gübrə tökməsə, məhsuldarlıq aşağı düşəcək, töksə də xərcləri çıxa bilməyəcək”.

Tunar
NOCOMMENT.az

Seçilən
22
nocomment.az

1Mənbələr