AZ

"Geosiyasi balans axtarışları davam edir" - POLİTOLOQ DANIŞDI

"Vladimir Putinlə Nikol Paşinyanın görüşündə Vladimir Putin aqressiv mövqe sərgilədi. Əslində isə həm Vladimir Putin, həm də Nikol Paşinyan qarşılıqlı şəkildə mövqelərini ifadə etdilər".

Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Onun sözlərinə görə, Paşinyan açıq şəkildə bildirdi ki, Ermənistanda seçkilərdə yalnız Ermənistan vətəndaşları iştirak edə bilər və bu, ölkənin daxili məsələsidir: "Eyni zamanda Avropa ilə inteqrasiya məsələsinə də toxundu, lakin bunu konkret qərar kimi deyil, gələcək perspektiv kimi təqdim etdi.

Diqqət çəkən məqam isə odur ki, bu müzakirə kifayət qədər sakit və diplomatik üslubda keçdi. Hər iki tərəf açıq qarşıdurmadan qaçaraq daha çox fikir mübadiləsi apardı. Lakin buna baxmayaraq, belə məsələlərin açıq kameralar qarşısında səsləndirilməsi müəyyən suallar doğurur. Çünki bu cür bəyanatlar tərəflər arasında əlavə gərginlik yarada bilər.

Digər tərəfdən, bu müzakirələr bir daha göstərdi ki, regionda geosiyasi maraqlar hələ də toqquşur. Xüsusilə Qarabağ məsələsi uzun müddət müxtəlif güclərin təsir dairəsində olub. Məlumdur ki, Rusiya və Ermənistan bu məsələdə zaman-zaman fərqli mövqelər nümayiş etdiriblər.

2022-ci ildən sonra isə vəziyyət dəyişməyə başladı və Azərbaycanın ərazi bütövlüyünün tanınması istiqamətində addımlar atıldı. Bu prosesdə Azərbaycanın hərbi və siyasi gücü əsas rol oynadı.

Bu gün regionda yeni reallıqlar formalaşıb. Dövlətlər qarşısında müxtəlif seçimlər dayanır, xüsusilə Avropa İttifaqı ilə inteqrasiya və ya digər geosiyasi bloklarla əməkdaşlıq kimi. Bu isə təkcə Ermənistana deyil, ümumilikdə region ölkələrinə təsir edən bir prosesdir.

Beləliklə, bu cür mürəkkəb geosiyasi şəraitdə hər bir ölkə öz milli maraqlarını qorumağa çalışır. Azərbaycan da bu kontekstdə balanslı və müstəqil siyasət yürütməyə davam etməlidir. Güclü tərəfdaşlıqlar və regional əməkdaşlıq isə bu siyasətin əsas sütunlarından biridir".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
18
1
sia.az

2Mənbələr