AZ

Qarsda “Heydər Əliyev-2026” təlimi: Azərbaycan–Türkiyə qardaşlığının növbəti strateji addımı

Qarsda “Heydər Əliyev-2026” Azərbaycan-Türkiyə birgə hərbi təlimi keçiriləcək. Bu tip hərbi təlimlər iki qardaş ölkə arasında sarsılmaz dostluğun, strateji müttəfiqliyin və ortaq təhlükəsizlik anlayışının aydın göstəricisidir.

Qardaş Türkiyənin Qars şəhərində keçiriləcək “Heydər Əliyev-2026” Türkiyə–Azərbaycan birgə hərbi təlimləri bir sıra məqamlar baxımından xüsusi strateji əhəmiyyət daşıyır. Bunu "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" (CASCFEN) İctimai Birliyinin sədri, şiyasi şərhçi Nadir Azəri QHT.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, “Bir millət, iki dövlət” prinsipi əsasında hərəkət edən Türkiyə ilə Azərbaycan bütün sahələrdə olduğu kimi, hərbi sahədə də vahid mövqedən çıxış etmək, güclərini bir nöqtədə cəmləşdirmək istiqamətində son illərdə mühüm nailiyyətlər əldə ediblər: "Bu təlimlər də həmin əməkdaşlığın növbəti praktiki təzahürüdür. Digər tərəfdən, bu il imzalanmasının beşinci ildönümü qeyd ediləcək Şuşa Bəyannaməsində iki qardaş ölkə arasında hərbi əməkdaşlığın daha da dərinləşdirilməsi açıq şəkildə öz əksini tapıb. Bu baxımdan, Qarsda keçiriləcək təlimlər həmin sənəddə nəzərdə tutulan hədəflərin həyata keçirilməsi istiqamətində atılan real addımlardan biridir".

Sədr bildirib ki, Yaxın Şərqdəki gərgin geosiyasi vəziyyət və artan regional risklər fonunda hərbi təlimlərin keçirilməsi müdafiə hazırlığının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır: "Bununla yanaşı, hazırda Yaxın Şərqdə baş verən mürəkkəb geosiyasi proseslər və regionumuz üçün potensial təhdidlər fonunda belə hərbi təlimlərin keçirilməsi xüsusi aktuallıq daşıyır. İranla ABŞ və İsrail arasında davam edən gərginlik türk dövlətlərinə müəyyən risklər yaradır. Bu şəraitdə müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi hazırlığın artırılması və mümkün ssenarilərə hazır olmaq həyati əhəmiyyət kəsb edir".

Nadir Azəri qeyd edib ki, eyni zamanda, bu təlimlər təkcə Türkiyə və Azərbaycan üçün deyil, bütövlükdə türk dünyası üçün də mühüm mesaj xarakteri daşıyır: "Xüsusilə, Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi əməkdaşlığın genişləndirilməsi məqsədilə atılan addımlar gələcəkdə daha genişmiqyaslı birgə təlimlərin keçirilməsi üçün zəmin yarada bilər. Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Sammitində üzv ölkələrin vahid hərbi təlimlərinin keçirilməsi təşəbbüsü ilə çıxış edib və bu təlimlərin Azərbaycanda təşkilini təklif edib". 

“Heydər Əliyev-2026” təlimləri gələcəkdə təşkilat çərçivəsində keçiriləcək birgə hərbi təlimlər üçün də mühüm təkan rolunu oynaya bilər" - deyə siyasi şərhçi sonda vurğulayıb.

Fatimə Nəbiyeva

Seçilən
30
qht.az

1Mənbələr