AZ

Azərbaycanın strateji müttəfiqi yeni STATUS alır – NATO-da...

Böhran vəziyyətində Türkiyə NATO quru qüvvələrinin koordinasiyasını və müttəfiq birləşmələr üzərində komandanlığı öz üzərinə götürə bilər. Bu barədə "Hürriyet" qəzeti təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin bildirdiyinə görə, Türkiyəyə alyansda əsas rol ayrılıb. Komandanlıq və nəzarət funksiyaları ən azı 2028-ci ilə qədər ona həvalə edilib. “Türkiyə yalnız əməliyyata rəhbərlik kifayətlənməyəcək, eyni zamanda, NATO quru qüvvələrinin koordinasiya və komandanlıq funksiyalarını öz üzərinə götürəcək”, - hökumət dairələrinə yaxın olan köşə yazarı Hande Fırat yazıb. O, həmçinin, müzakirənin Qara dənizdə əməliyyatlar üçün bir strukturun formalaşdırılması ilə bağlı olduğunu vurğulayıb.

Bəs söhbət hansı böhranlı vəziyyətlərdən gedir? Azərbaycan üçün qardaş ölkənin yeni statusunun önəmi nədir?

2108575.jpg

Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a deyib ki, Türkiyəyə NATO daxilində quru qüvvələrinin koordinasiyası və komandanlıq funksiyalarının həvalə olunması təsadüfi qərar deyil və bu, alyansın yeni təhlükəsizlik arxitekturasının formalaşması ilə bağlıdır. O, son illərdə Avropa təhlükəsizlik mühitinin ciddi şəkildə dəyişdiyi qənaətindəndir:

“Rusiya-Ukrayna müharibəsi, Qara dəniz regionunda artan hərbi gərginlik, Yaxın Şərqdə davam edən münaqişələr və Balkanlarda potensial risklər NATO-nu daha çevik komandanlıq strukturu qurmağa vadar edir. Bu kontekstdə Türkiyənin rolu xüsusi əhəmiyyət kəsb edir. Çünki Türkiyə NATO daxilində həm böyük quru qoşunlarına malik ölkələrdən biridir, həm də geostrateji mövqeyi baxımından Qara dəniz, Qafqaz, Yaxın Şərq və Aralıq dənizi arasında əsas hərbi-logistik mərkəz rolunu oynayır”.

Rövşən Məhərrəmovun fikrincə, NATO-nun söhbət açdığı “böhranlı vəziyyətlər” bir neçə mümkün ssenarini əhatə edir:

“Bunlara ilk növbədə Qara dəniz regionunda hərbi gərginliyin artması, NATO ölkələrinə qarşı mümkün hərbi təhdidlər, regional münaqişələrin genişlənməsi və alyansın sürətli reaksiya qüvvələrinin operativ yerləşdirilməsi kimi hallar daxildir”.

Hərbi ekspert qeyd edir ki, belə vəziyyətlərdə Türkiyənin NATO quru qüvvələrinin koordinasiyasını həyata keçirməsi, müttəfiq hərbi birliklərin bölgəyə yerləşdirilməsinə və əməliyyatların idarə olunmasına rəhbərlik etməsi nəzərdə tutulur.

“Türkiyənin bu statusu həm də NATO-nun Qara dəniz strategiyasında Ankaraya xüsusi etimad göstərdiyini göstərir. Çünki Qara dəniz hazırda Avro-Atlantik təhlükəsizlik sisteminin ən həssas bölgələrindən biridir”, – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, belə bir qərarın Azərbaycan üçün də ciddi geosiyasi əhəmiyyəti var:

“Türkiyə ilə Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri, o cümlədən Şuşa Bəyannaməsi hərbi təhlükəsizlik sahəsində sıx koordinasiyanı nəzərdə tutur. Türkiyənin NATO daxilində hərbi çəkisinin artması dolayısı ilə Azərbaycanın təhlükəsizlik mühitinə də müsbət təsir göstərir. Çünki Ankara regionda balans yaradan əsas güclərdən biridir və Azərbaycanın təhlükəsizlik sistemində də mühüm rol oynayır”.

Rövşən Məhərrəmov hesab edir ki, Türkiyənin NATO quru qüvvələri üzrə komandanlıq funksiyalarının genişlənməsi Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının da daha strateji səviyyəyə yüksəlməsi üçün əlavə imkanlar yarada bilər.

“Bu, həm də o deməkdir ki, Qara dəniz – Qafqaz təhlükəsizlik xəttində Türkiyənin rolu daha da artacaq. Bu isə Azərbaycanın regional təhlükəsizlik sistemində öz mövqelərini daha rahat qorumasına imkan yaradır”, – deyə hərbi ekspert fikrini yekunlaşdırıb.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr