Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı münaqişənin diplomatik müstəviyə keçməsi üçün Kremlin əsas və dəyişməz şərtini bəyan edib.
Musavat.com xəbər verir ki, Peskovun sözlərinə görə, "xüsusi hərbi əməliyyat"ın qaynar mərhələsinin dayandırılması yalnız Ukrayna qoşunlarının Donbas ərazisindən tamamilə çıxarılmasından sonra mümkün ola bilər. Rusiya rəsmisi vurğulayıb ki, Moskva bu proses üçün konkret vaxt məhdudiyyəti (dedlayn) qoymasa da, Kiyev bu addımı nə qədər tez atsa, diplomatik tənzimləmə prosesi bir o qədər tez başlaya bilər. "Kiyev qoşunlarını Donbasdan artıq bu gün, daha yaxşısı isə dünən çıxarmalı idi," — deyən Peskov, Ukrayna rəhbərliyini vaxt itirməməyə çağırıb.
Peskovun bu çıxışını Rusiyanın cəbhədəki hərbi təzyiqləri fonunda Kiyevə ünvanladığı növbəti sərt ultimatum kimi qiymətləndirirlər.
Hazırda Ukrayna tərəfinin bu şərtə rəsmi reaksiyası məlum olmasa da, Kiyev daha əvvəl ərazilərin işğaldan azad edilmədən hər hansı geri çəkilmənin qeyri-mümkün olduğunu bəyan etmişdi.
Diplomatik mənbələr isə bu bəyanatın tərəflər arasında mümkün pərdəarxası danışıqların gərgin mərhələsinə təsadüf etdiyini bildirirlər.
Musavat.com