AZ

Azərbaycanda Amerika Ticarət Palatasına yeni icraçı direktor təyin edildi

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) icraçı direktoru vəzifəsinə Zaur Kərimov təyin edilib. 

Bu təyinat “AmCham Azərbaycan”ın uzun illər ərzində formalaşmış daxili kadr potensialına əsaslanır. 2007-ci ildən etibarən təşkilatda fəaliyyət göstərən Zaur Kərimov bu müddət ərzində müxtəlif rəhbər vəzifələrdə çalışaraq qurumun əməliyyat proseslərinin təkmilləşdirilməsi və üzv şirkətlərlə əlaqələrin inkişafında mühüm rol oynayıb.

Zaur Kərimov peşəkar fəaliyyətinə 2002-ci ildə “Hyatt Regency Baku” hotelində maliyyə sahəsində başlayıb. 2007-ci ilə qədər burada çalışaraq əməliyyat idarəetməsi üzrə əhəmiyyətli təcrübə qazanıb. Həmin ildən etibarən fəaliyyətini “AmCham Azərbaycan”da davam etdirən Z.Kərimov təşkilatda mühasib, əməliyyatlar direktoru və direktor müavini vəzifələrində çalışıb. O, Palatada fəaliyyət göstərdiyi dövrdə təşkilatın inkişafına və biznes icmasının təkmilləşdirilməsinə əhəmiyyətli töhfələr verən aparıcı rəhbər şəxslərdən biri olub.

Yeni vəzifəsində Zaur Kərimovun rəhbərliyi altında təşkilatın əsas prioritetləri biznes mühitinin yaxşılaşdırılması istiqamətində advokasiya fəaliyyətinin gücləndirilməsi və strateji tərəfdaşlıqların genişləndirilməsi olacaq.

Məlumat üçün bildirək ki, Zaur Kərimov 1993-1998-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil alıb, 1999-cu ildə hərbi xidmətini başa vurub. Ailəlidir və üç övladı var.

Qeyd edək ki, “AmCham Azərbaycan” ölkədə fəaliyyət göstərən beynəlxalq və yerli şirkətləri bir araya gətirən aparıcı biznes platformalarından biridir və biznes mühitinin inkişafına yönəlmiş təşəbbüslərlə çıxış edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
3
qafqazinfo.az

4Mənbələr