Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı, 3 aprel, AZƏRTAC
“QGallery” qalereyasında Azərbaycan rəssamı Emin Qəhrəmanovun ornamental ekspressionizmi tədqiq edən “COLOR ET ANIMA” adlı sərgisi keçirilib.
Rəssam AZƏRTAC-ın müxbiri ilə söhbətində bu əsərlər silsiləsinin yaranması ideyasının meydana gəlməsi və uşaqların xalça sənətinə cəlb edilməsinin əhəmiyyəti barədə danışıb. O qeyd edib: “Bu ideya daxili dünyama müraciət edəndə yarandı. Daxilimdə Azərbaycan xalçalarını - onların naxışlarını görürdüm. Bizim uşaqlıq illərində internet, müxtəlif televiziya kanalları yox idi. Divanda oturub xalçaya baxırdım və ya yuxuya gedərkən də ona tamaşa edirdim. Sadəcə baxmırdım, həm də onu öyrənirdim. Təsvirlər görürdüm və hər dəfə onlar fərqli idi. Bütün bu simvollar şüuraltı yaddaşımda qalırdı”.
Sərgidə təqdim olunan əsərlərdəki ornament daxili kod qismində çıxış edir: ritm, təkrar və nəbzatma kompozisiyanı formalaşdırır. DNT kimi, o da hər bir personajın xarakterini, temperamentini və enerjisini müəyyən edir. Müsahibimizin sözlərinə görə, əgər ornament DNT-dirsə, rəng də ruhdur. Rəng kodu gücləndirir, zəngin, açıq və ifadəli surətdə hisslərin dilinə çevrilir. E. Qəhrəmanovun əsərlərində təsvir olunan heyvanlar isə qəlbin daxili aləmini təcəssüm etdirir.
Rəssam əlavə edir: “İstifadə etdiyim qrafik ornamentlərin əksəriyyəti əsasən Qarabağ xalçalarının üzərindəki xalça naxışlarıdır. Xalça naxışları konkret məlumat daşıyan rəmzlərdir. Uşaqları xalça sənəti ilə tanış etmək çox vacibdir. Bu naxışları görə bilmələri üçün onları mütləq Xalça Muzeyinə aparmaq lazımdır. Xalçanın çox dərin tarixi var. Biz onun kodunu heç vaxt deşifrə edə bilmərik. Çünki xalçanı toxuyan şəxs şüuraltı olaraq müəyyən məlumatları ona həkk edib”.
Layihənin konsepsiyasını Oksana Gül hazırlayıb. “Bəzən rəssam üçün yalnız bir şeyə diqqət yetirmək çətindir. Mənim fərqli silsilələrim və bir çox ideyam var. Oksana xanım diqqətimi bu silsiləyə yönəltməyimə kömək etdi. Fikrimcə, biz buna nail olduq”, - deyə E. Qəhrəmanov qeyd edib.
“COLOR ET ANIMA” sərgisi “QGallery”də aprelin 8-dək davam edəcək.
Müəllif: Anara Axundova











Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.