AZ

Bakıdan dünyaya yeni mesaj: Türk təhlükəsizlik oxu

“Qlobal sistemin sürətlə parçalandığı, ənənəvi beynəlxalq institutların təsir gücünü itirdiyi, regional münaqişələrin yeni geosiyasi xəritələr yaratdığı bir mərhələdə Türk Dövlətləri Təşkilatı artıq təkcə ortaq kimlik platforması deyil, Avrasiya məkanında sülh, təhlükəsizlik, enerji və nəqliyyat sabitliyinə xidmət edən strateji güc mərkəzi kimi önə çıxır”.

Bunu Ölkə.az-a açıqlamasında  Milli Məclisin Müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarisə komitəsinin sədri Arzu Nağıyev deyib.

Komitə sədri deyib ki, Bu yüksəlişin siyasi memarlığında isə Bakı xüsusi rol oynayır:

“Azərbaycan uzun illərdir TDT-ni mədəni bağlardan praktiki geosiyasi əməkdaşlıq modelinə çevirən əsas lokomotivdir. Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir” xətti sadəcə emosional siyasi tezis deyil, bu gün konkret iqtisadi, hərbi, tranzit və diplomatik layihələrlə möhkəmlənən strateji konsepsiyadır.

Məhz Bakının təşəbbüsü ilə təşkilat daxilində dövlət başçılarının qeyri-rəsmi zirvə görüşləri ənənəyə çevrildi və ilk belə sammitin Şuşada keçirilməsi Türk dünyasının siyasi rəmz xəritəsini dəyişdi. Bu addım Qarabağı yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının strateji birləşmə məkanına çevirdi. 

TDT: təhlükəsizlikdən iqtisadiyyata uzanan yeni güc platforması

Bu gün TDT-nin əhəmiyyəti onun çoxşaxəli təhlükəsizlik modelindədir. Əgər klassik beynəlxalq qurumlar siyasi bəyanatlarla kifayətlənirsə, TDT artıq siyasi koordinasiya, enerji təhlükəsizliyi, nəqliyyat və logistika, kibertəhlükəsizlik. müdafiə əməkdaşlığı, investisiya fondları, ortaq diplomatik mövqe kimi sahələrdə real işlək mexanizmə çevrilib”.

Deputat əlavə edib ki, Qəbələ Zirvəsində 2026-cı ildə ilk birgə hərbi təlimlərin keçirilməsi barədə qərarın verilməsi bu təşkilatın artıq regional sabitlik və təhlükəsizlik istehsal edən instituta çevrildiyini göstərir:

“Bu xətt xüsusilə Cənubi Qafqaz, Mərkəzi Asiya və Xəzər hövzəsində yeni təhlükəsizlik arxitekturası yaradır.

Bakının əsas strateji missiyası: Orta Dəhlizi qlobal təhlükəsizlik xəttinə çevirmək
Bakının TDT daxilində ən böyük geosiyasi rolu Türk coğrafiyasını Avrasiya logistikasının əsas arteriyasına çevirməsidir. Bu gün Orta Dəhliz, Trans-Xəzər marşrutu və Zəngəzur dəhlizi sadəcə iqtisadi layihələr deyil. Bunlar Avropa–Asiya ticarətinin alternativ xətti, enerji təhlükəsizliyinin şaxələndirilməsi, Çin–Avropa yük axınının sabit marşrutu geosiyasi risklərdən yan keçən təhlükəsiz tranzit oxudur 

Azərbaycanın Ələt limanı, Bakı–Tbilisi–Qars xətti, 9 beynəlxalq hava limanı, Xəzərin ən böyük ticarət donanması və hazır infrastruktur bazası Bakını TDT-nin strateji nəqliyyat beyninə çevirib. 
Zəngəzur dəhlizinin açılması isə bu arxitekturanı daha da gücləndirəcək. Bu layihə təkcə Türkiyə–Azərbaycan əlaqəsini dərinləşdirməyəcək, bütövlükdə Türk dünyasını vahid iqtisadi təhlükəsizlik məkanına çevirəcək. 

Enerji və rəqəmsal təhlükəsizlik: Bakının yeni mərhələ strategiyası

Müasir dövrdə təhlükəsizlik artıq yalnız sərhədlərlə ölçülmür. Enerji xətləri, fiber-optik kabellər, data marşrutları və yaşıl enerji layihələri də siyasi sabitliyin əsas hissəsidir.

Bu mənada Azərbaycan–Qazaxıstan arasında Xəzərin dibi ilə çəkilən fiber-optik kabel layihəsi

TDT-nin rəqəmsal təhlükəsizlik və informasiya suverenliyi baxımından yeni mərhələyə keçdiyini göstərir.

Bakı bu prosesdə həm enerji, həm data, həm də tranzit axınlarını birləşdirən Avrasiya bağlantı mərkəzi rolunu gücləndirir.

Qlobal böhran fonunda TDT-nin sülh missiyası

Dünyada qaydaların zəiflədiyi, böyük güclər arasında rəqabətin sərtləşdiyi bir mərhələdə TDT-nin əsas üstünlüyü onun daxilində heç bir siyasi ixtilafın olmamasıdır.
Bu prosesin mərkəzində isə Bakı dayanır. Çünki Bakı bu gün təkcə Azərbaycan diplomatiyasının paytaxtı deyil, Türk dünyasının geosiyasi strateji qərargahına çevrilməkdədir”.

Mürtəza

Seçilən
48
5
olke.az

7Mənbələr