AZ

390 min manatlıq dələduzluq: Keçmiş başçının imzası saxtalaşdırılıb

Binəqədi qəsəbə bələdiyyəsinin Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin sahə nəzarətçisi Faiq Hidayətov dələduzluq əməlinə görə cəzalandırılıb.
 
Moderator.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2 v 320.1-ci maddəsi ilə mühakimə edilən Faiq Hidayətova 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
 
Daha sonra məhkəmə Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkum etmə) maddəsinə əsasən, Faiq Hidayətov barəsində şərti məhkumetmə tətbiq edilib və ona təyin olunan cəza 2 il sınaq müddəti ilə şərti hesab olunub.
 
Faiq Hidayətov məhkəmə prosesində özünü verilmiş ittiham üzrə təqsirli bilməyib.
 
Cinayət işinin materiallarından məlum olur ki, dələduzluq əməlində əsas fiqurant Faiq Hidayətovun zərərçəkmiş Afşin Firuzmənd ilə tanış etdiyi Səfəralan adlı şəxs olub. Məhkəmənin hökmü ilə həmin şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
İş materiallarına əsasən Afşin Firuzmənd Binəqədi rayonu "Baksol" adlanan ərazidə 6.9 hektar torpaq sahəsini özəlləşdirmək istəyib. Faiq Hidayətov onu Səfəralan adlı şəxslə tanış edib. Həmin şəxs vaxtilə Əmlak Məsələləri üzrə Dövlət Xidmətində işlədiyini deyib və Afşin Firuzməndə məxsus torpaq sahəsinin özəlləşdiriləcəyinə yardım edəcəyini bildirib.
 
Bunun müqabilində Afşin Firuzmənddən 390 000 manat alıb. Lakin verdiyi vədi yerinə yetirməyib.
 
İş materiallarından o da məlum olur ki, Afşin Firuzməndə torpağın özəlləşdirilməsi ilə saxta sənədlər təqdim olunub. Bu sənədlərdə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin keçmiş rəisi Akif Abdullayevin və Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərovun imzası və möhürü saxtalaşdırılıb.
 
Seçilən
16
3
moderator.az

4Mənbələr