AZ

“Autizmli uşaqları anlamaq baxmaqla yox, görmək və dinləməklə mümkündür”

ain.az, Gununsesi saytına istinadən bildirir.

“Dünən, 2 aprel, Autizm Fərqindəlik Günüdür. Bir mütəxəssiz olaraq istəyirəm ki, bu cür diaqnozlu insanları tək bir təqvim günündə deyil, hər an görək, fərqində olaq”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında psixoloq Nuriyyə Vidadıqızı deyib:

“Tez-tez valideynlərin içində qalan sualları, narahatlıqları və eyni zamanda böyük ümidləri görürəm. Burada mütəxəssiz olaraq tək uşaqlarla deyil, valideynlərə də mənəvi dəstək olmaq bizim birbaşa vəzifəmizdir.

Autizm bir xəstəlik deyil, bu, fərqli bir inkişaf yoludur. Bu yolu anlamaq üçün sadəcə baxmaq kifayət deyil; həqiqətən görmək, dinləmək və qəbul etmək lazımdır. Autizmli uşaqlar dünyanı bizim kimi deyil, özlərinə məxsus şəkildə hiss edir, qavrayır, görür və dərk edirlər.

Bəzən səslər onlar üçün çox gür ola bilər və ya səslərə bizim kimi yanaşa bilməzlər. Toxunuşu sevməyə bilər, toxunuşa qarşı həssaslıq göstərə bilərlər. Sosial sınaqlar isə çətin ola bilər. Bəzən aşırı çox danışa bilərlər, bəzən isə heç nitqdən istifadə etməyə bilərlər. Amma bu, onların hiss etmədiyi, anlamadığı və ya sevmədiyi mənasına gəlmir.

Əksinə, onlar da bizim kimi duyğuları paylaşırlar, sadəcə ifadə etməkdə çətinlik çəkirlər və ya müəyyən stereotiplərlə istəklərini, duyğularını göstərirlər. Fərqli yollarla özlərini ifadə edirlər. Bugünün məqsədi yalnız məlumat vermək deyil; daha çox anlayış, səbir və qəbul yaratmaqdır. Çünki hər bir uşaq necə olursa olsun anlaşılmağa, sevilməyə, diqqətə və dəstəyə layiqdir.

Unutmayaq, fərqlilik qüsur deyil. Fərqli insanlar da cəmiyyətin, insanlığın bir hissəsidir. Onlar bizim dünyamıza birbaşa keçid edə bilmirlər, amma biz istəsək, onların dünyasına onları incitmədən daxil ola bilərik”.

Şəbnəm

 Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
icma.az

1Mənbələr