AZ

Rusiyalı politoloqdan İrəvana mesaj

Rusiya-Ermənistan münasibətləri ilə bağlı sərt açıqlama səsləndirilib.

Musavat.com xəbər verir ki, rusiyalı politoloq, Ali İqtisadiyyat Məktəbinin nəzdində fəaliyyət göstərən qurumun rəhbər müavini Dmitri Suslov Ermənistanın Rusiya ilə münasibətlərinin kəskinləşməsi ilə bağlı xəbərdarlıq edib.

O bildirib ki, Ermənistanın Rusiya ilə əlaqələri tam şəkildə kəsməsi ölkə üçün faciəvi nəticələrə gətirib çıxara bilər. Suslovun sözlərinə görə, Rusiya regionda əsas çəkindirici qüvvə olaraq qalır və onun olmaması yeni müharibə riskini artırır.

Politoloq qeyd edib ki, hazırkı Ermənistan hakimiyyəti formal olaraq siyasətin şaxələndirildiyini bəyan etsə də, əslində ölkə tədricən Qərbə yönəlir. Onun fikrincə, Avrasiya İqtisadi İttifaqında iştirak artıq formal xarakter daşıyır və bu kurs gələcəkdə təşkilatdan çıxışa, həmçinin Gümrüdəki Rusiya hərbi bazasının çıxarılmasına gətirib çıxara bilər.

Suslov əlavə edib ki, Moskva bu prosesi sadəcə diversifikasiya kimi deyil, Ermənistanın geosiyasi rəqiblərin tərəfinə keçməsi kimi qiymətləndirir.

Politoloqun sözlərinə görə, baş nazir Nikol Paşinyanın Moskvaya son səfəri göstərib ki, Rusiyanın səbrinin sonu yaxınlaşır. O qeyd edib ki, Ukrayna müharibəsi fonunda Moskva vəziyyəti kəskinləşdirmək istəmir, lakin Ermənistanın Qərbə yönəlməsini də səssiz izləmək niyyətində deyil.

Suslov hesab edir ki, mövcud şəraitdə İrəvanın Rusiya ilə münasibətləri gərginləşdirməməsi, əksinə, yaxınlaşması daha məqsədəuyğundur. Onun fikrincə, məhz Rusiya ilə yaxşı münasibətlər və Gümrüdəki hərbi mövcudluq Ermənistanın təhlükəsizliyinin əsas təminatıdır.

Politoloq həmçinin iddia edib ki, Qərb üçün Ermənistan və ümumilikdə Cənubi Qafqaz regionu Rusiya ilə rəqabətdə sadəcə alət rolunu oynayır və bu, ölkənin təhlükəsizliyini daha da zəiflədir.

Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr