AZ

“İran müharibədə dayanmadı, ABŞ İsrail planları fiaskoya uğradı” TƏHLİL

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Quru əməliyyatı mümkün deyil, ABŞ və İsrail resurs çatışmazlığı ilə üz-üzədir”

İranın keçmiş xarici işlər Məhəmməd Cavad Zərif Tehranı ABŞ və İsraillə münaqişədə yanaşmalarını yenidən nəzərdən keçirməyə çağırıb. Bu barədə o, Amerikanın “Foreign Affairs” nəşri”də dərc olunmuş məqaləsində bildirib.

Diplomat İran hakimiyyətini qələbə elan etməyə və mövcud münaqişəyə son qoyacaq və növbəti münaqişənin qarşısını alacaq razılaşma imzalamağa çağırıb.

Zərifin iddiasına görə, İran hazırda qələbə elan edə və eskalasiyanın qarşısını alacaq və ölkənin təhlükəsizliyini təmin edəcək diplomatik razılaşmaya gələ biləcəyi nöqtədədir.

Müharibənin gedişini şərh edən hərbi ekspert Səxavət Məmməd Sherg.az-a bildirib ki, müharibə İranın siyasi-hərbi elitasına ağır zərbə vursa da, bu, döyüş meydanındakı ümumi mənzərəni iflic etmir. Onun sözlərinə görə, İranın hərbi sistemi fərdlər üzərində deyil, avtonom mərkəzlər üzərində qurulub:

“Bir generalın və ya liderin itirilməsi bütöv bir cəbhənin çökməsi demək deyil. Müttəfiqlər dərmandan, sudan tutmuş, elektrik və atom obyektlərinə qədər hər istiqamətdəki müəssisələrə zərbələr endirirlər. Ancaq bu aqressivlik heç bir nəticə vermir. İran faktiki olaraq ABŞ-İsrail cütlüyünə qarşı necə döyüşəcəyini çox gözəl mənimsəyib. Ona görə də təcavüzə məruz qalsa belə, İran bu cütlükdən daha sakit, daha səbrli və stabil görünür. 

Bu müharibə göstərdi ki, böyük aviadaşıyıcılar yalnız qondarma dövlətlərə və ya hansısa terror təşkilatlarına qarşı yararlı ola bilər. ABŞ-nin Yaxın Şərqdəki hər iki aviadaşıyıcısı işə yaramadı. Böyük ehtimalla üçüncünü də göndərəcəklər və o da digərlərinin taleyini yaşayacaq”.

S. Məmməd hesab edir ki, ABŞ və İsrail nə qədər müasir texnologiyaları ilə öyünsələr də, praktikada İran dron sahəsində və radioelektron mübarizədə daha effektivdir: “Şübhəsiz ki, bunda İrana Rusiya-Ukrayna müharibəsi də ciddi yardımçı oldu. Faktiki olaraq İran Rusiya-Ukrayna müharibəsini dərindən incələyib; xüsusilə radarlardan yayınmaq, dron hücumları və buna paralel ballistik raketlərlə endirilən zərbələr, eyni zamanda müasir hava hücumundan müdafiə sistemlərindən yayınma yolları sahəsində özünü çox inkişaf etdirib. Rusiya-Ukrayna müharibəsinin birinci ilindən sonra ukraynalı mütəxəssislər də qeyd edirdilər ki, ruslar raketlərdə yeniliklər ediblər və onlar artıq əvvəlki trayektoriya ilə uçmurlar. Hər halda, "Patriot"u aldatmaq ruslar və iranlılar üçün o qədər də çətin deyil. Əlavə olaraq qeyd etmək lazımdır ki, bu prosesdə Rusiyanın "gözəgörünməz" dəstəyi də ciddi rol oynayır. Rusiyanın kəşfiyyat peyklərindən gələn koordinatların İranın raket dəqiqliyini artırması və bölgədəki rus REM sistemlərinin ABŞ-nin "ağıllı" sursatlarını kor etməsi müharibənin taleyini dəyişən gizli faktordur. ABŞ müdafiə sənayesi bundan sonrakı mərhələdə ya yeni HHM sistemləri üzərində işləməli, ya da mövcud sistemlərini təkmilləşdirmək xəttini seçməli olacaq.

Real döyüş vəziyyətinə baxdıqda, ABŞ/İsrail əvvəlki sürət və tempdə zərbələr endirə bilmir. Burada söhbət təkcə resursun tükənməsindən yox, həm də məsafənin uzaqlığından gedir. Müharibələrdə logistika son dərəcə önəmli faktordur. İranın da tempi aşağı saldığı görünür, ancaq burada bir neçə mühüm amil var. Birincisi, İran rahatlıqla İsraili vura bilir. Yəni müharibənin ilk günlərində İraq, Suriya və İordaniya üzərində İran raketləri və dronları vurulurdusa, artıq bu hala rast gəlinmir. İran faktiki olaraq birinci eşalonu darmadağın edib. Hətta İordaniya ilə İsrail arasında siyasi gərginliyin yaşandığı da Qərb mediasında yazılır. Əlavə olaraq qeyd edim ki, İran faktiki olaraq İraqı müstəqilləşdirir. İraq ərazisində, demək olar ki, yalnız ABŞ-yə məxsus hərbi bazalar qalıb ki, onlar da daim zərbələr altındadır. Onların orada uzun müddət qala biləcəyi inandırıcı deyil”.

S. Məmməd qeyd edib ki, İran Körfəz ölkələrinə zərbələr endirməsəydi, müharibənin ikinci həftəsində ya təslim olar, ya da ağır şərtlərlə sülhə razılaşardı. Ekspertin fikrincə İran Körfəz ölkələrini vurmaqla təkcə coğrafiyanı genişləndirmədi, həm də düşmən qüvvələrini parçaladı: “İrana qarşı quru əməliyyatları keçirilərsə, Küveytə qarşı İraqdakı İrana bağlı qüvvələr hücuma keçə bilər. Bundan əlavə, Bəhreyn də eyni təhlükə ilə üz-üzə qala bilər. Husilər məsələsi isə başlı-başına bir bəladır. Niyə? Çünki Hörmüz boğazını açmaq üçün heç bir addım ata bilməyən ABŞ, Bab əl-Məndəb boğazının bağlanması problemi ilə üzləşə bilər. Husilərin əlində gəmi əleyhinə raketlərin və dronların olması barədə məlumatlar var. Faktiki olaraq İran müharibəni elə bir həddə çatdırıb və şaxələndirib ki, artıq bu müharibədə vacib olmayan istiqamət qalmayıb. Faktiki olaraq, İran ordusu 7 istiqamətdə müstəqil komandanlıq kimi döyüş aparır. Bu modeldə hər bir ordu və ya korpus öz daxili resursları, avtonom logistikası və yeraltı anbarları ilə aylarla müstəqil döyüşmək qabiliyyətinə malikdir. Mərkəzi komandanlıq sıradan çıxsa belə, bu "Mozaik Müdafiə" sistemi sayəsində hər bir bölmə sərbəst qərarlar qəbul edərək müqaviməti davam etdirir. Bu, düşmən üçün "min kəsiklə ölüm" strategiyasıdır, mərkəzi vurub müharibəni bitirmək mümkün olmur”.

İrana qarşı quru əməliyyatlarının keçirilməsi ehtimalına gəldikdə isə hərbi ekspert bunun o qədər də asan və bəsit olmadığını deyib: “Söhbət təkcə İran ordusunun buna hazır olmasından getmir. ABŞ-nin Yaxın Şərqdə 50-55 min civarında qoşunu var, lakin bu qüvvələr fərqli bazalardadır və hamısı döyüşə hazır vəziyyətdə deyil. Yəni quru əməliyyatı üçün ABŞ regiona on minlərlə əlavə qoşun cəmləşdirməlidir. Bu isə qısa zamanda baş tuta bilməz. Hazırda regiona gələ biləcək ən çevik qüvvə kimi ABŞ ordusunun 82-ci hava-desant diviziyası göstərilir. Bu diviziyanın şəxsi heyəti təxminən 18 min nəfərdir və yalnız bir briqadasının (2000-3000 nəfər) daim döyüşə hazır olduğu deyilir. ABŞ-yə ciddi vaxt lazımdır. İran atəşkəsə getməyəcək, çünki fərqindədir ki, atəşkəs prosesin bitməsi yox, növbəti mərhələnin başlanğıcı olacaq. Ona görə də İran atəşkəs yox, konkret şərtlərlə çıxış edir. Quru qoşunları hazır olana qədər müharibənin davam etdirilməsi üçün ABŞ və İsrailin resursunun çatıb-çatmayacağını proqnozlaşdırmaq isə asan deyil.

Rusiya-Ukrayna müharibəsi ilə avropalılar hər şeyi tam anlamamışdı, ancaq hazırkı müharibə onlara göstərdi ki, bu qarşıdurmalar onlara zərərdən başqa heç nə vermir. Ona görə də bir çox ölkə ABŞ ilə münasibətləri kəskinləşdirməkdən çəkinmir. Böyük ehtimalla bu müharibədən sonra Avropa öz təhlükəsizliyini təmin etmək üçün daha sürətli addımlar atacaq. Bu şərtlərlə bitəcək müharibə nəinki Körfəzdə və Yaxın Şərqdə, elə bizim regionda da çox şeyi kökündən dəyişəcək...”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
sherg.az

1Mənbələr