AZ

İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərin aqrar sahədə bilik və bacarıqları artırılır

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 3 aprel, AZƏRTAC

Aqrar sahədə fermerlərin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər ardıcıl və sistemli şəkildə davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi prosesinin daha səmərəli təşkili məqsədilə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən növbəti təlim proqramlarına start verilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində keçirilən təlimlər Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Zəngilan rayonunun Məmmədbəyli kəndini əhatə edib. Təlimlərin ilk günü kənd və qəsəbə sakinlərinə meyvəçilik və yem bitkiləri mövzularında geniş və praktikyönümlü məlumatlar təqdim olunub.

Təlimlər zamanı fermerlər müasir meyvəçiliyin əsas prinsipləri, məhsuldarlığın artırılması üsulları, eləcə də heyvandarlıqda istifadə edilən əsas yem bitkilərinin növləri və onların əhəmiyyəti barədə ətraflı məlumat əldə ediblər. Eyni zamanda, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.

Bu günədək işğaldan azad edilmiş ərazilərdə — Zəngilan rayonunun Ağalı, Xocalı rayonunun Ballıca və Xanyurdu, Laçın rayonunun Zabux, eləcə də Ağdərə rayonunun Həsənriz kəndlərində yaşayan sakinlər üçün nəzəri və praktiki təlimlər keçirilib.

Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən keçirilən təlim proqramları kənd sakinlərinin aqrar sahədə bilik və bacarıqlarının artırılmasına, onların müasir yanaşmaları mənimsəməsinə və kənd təsərrüfatı fəaliyyətinin daha səmərəli qurulmasına mühüm töhfə verir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
2
azertag.az

4Mənbələr