AZ

"İrandakı müharibə hava şəraitinə təsir edəcək" - Mütəxəssisdən XƏBƏRDARLIQ

"Mart ayının son günləri yağan yağışlar Azərbaycan tarixində nadir hadisələrdən sayılır. İntensiv yağışların yağması müəyyən fəsadlarla nəticələnib".

Bunu Redaktor.az-a açıqlamasında ekoloq Sadiq Həsənov bildirdi.

Onun sözlərinə görə, güclü yağış zamanı şəhərlərdə yağış sularının idarə olunması çətinləşir:

"Kanalizasiya və drenaj sistemləri işlək vəziyyətdə olmur, bu da mənfi hallarla nəticələnir. Daha çox Masazır, Lökbatan, Xırdalan kimi yerlərdə problemlərlə üzləşirik. Belə yağışlardan sonra gün çıxması müəyyən qədər vəziyyəti yaxşılaşdırır. Yağıntıların fəsadlarından biri də çaylarda suyun səviyyəsinin qalxması idi. Bəzi regionlarda, xüsusilə dağətəyi regionlarda, Azərbaycanın qərb bölgəsində – Şəki, Zaqatala, Oğuz, Şamaxı kimi regionlarda müəyyən daşqınlarla müşayiət olundu".

Müsahibimiz yaxın zamanda yenidən güclü yağışların yağma ehtimalından da danışdı:

"Yenidən belə yağışların yağması üçün müəyyən hallar baş verməlidir. Əgər hava uzun müddət, məsələn 10-15 gün belə günəşli davam edərsə, burada buxarlanma səviyyəsi artacaq.Yağışların yağmasının əsas səbəbi havaların isti keçməsi, suyun buxarlanması və müəyyən bulud təbəqəsinin yaranmasıdır. Buludların toplanması üçün də müəyyən zaman lazımdır. Hava bu gün olduğu kimi davam edərsə, buxarlanma səviyyəsi artacaq. Bu da ayın ortasından sonra və yaxud axırına yaxın bu cür yağışlara səbəb ola bilər.

İranda müharibənin getməsi, intensiv raket atışları müəyyən qədər buludların həmin ərazidən uzaqlaşmasına və bizim ərazimizdə güclü yağışların yağmasına səbəb olmuş ola bilər. Müharibə davamlı olarsa, raketlərin, bombaların atılması buludları həmin coğrafiyadan bizə yönəldə bilər. Bu da ayın ortasından sonra və ya ayın axırına yaxın yağışın yağmasına səbəb ola bilər. Əgər havalar bu cür keçməsə, mülayim, sərin keçsə, təhlükələr müəyyən qədər ortadan qalxacaq. Ümid edək ki, fəsadlarla nəticələnən yağışlar bir daha yağmayacaq".

Aytəkin TOFİQQIZI

Seçilən
31
1
redaktor.az

2Mənbələr