AZ

Kelloqun NATO çıxışı ABŞ ın Avropaya mesajıdır ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Türkiyə və güclü NATO üzvləri olmadan Yaxın Şərq strategiyası mümkün deyil”

ABŞ-də NATO-nun gələcəyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Vaşinqtonun keçmiş xüsusi nümayəndəsi və ehtiyatda olan general-leytenant Kit Kelloqun alyansın əvəzinə yeni müdafiə ittifaqının yaradılması çağırışı diqqət çəkib. O, NATO-nun zəiflədiyini iddia edərək, ABŞ-nin daha sərt mövqe tutan ölkələrlə alternativ təhlükəsizlik platforması formalaşdırmasının vacibliyini vurğulayıb. Kelloqun bu təklifi Ukraynanın da daxil olduğu yeni hərbi blok ehtimalını gündəmə gətirməklə beynəlxalq təhlükəsizlik arxitekturası ətrafında müzakirələri daha da gücləndirib.

Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a söyləyib ki, Kelloqun niyə NATO-nu əvəzləmək barədə çıxış etməsi maraqlı nüanslar ortaya qoyur:

“Ona görə yox ki, onun iddia etdiyi kimi NATO artıq zəifdir və ya ittifaq hərbi baxımdan təhlükələrə cavab verə bilmir. Bu, heç də belə deyil. Əgər bu həqiqət olsaydı, ABŞ NATO-dan çıxıb, sadəcə iki dövlətin iştirak etdiyi daha güclü bir hərbi blok qurmalı idi. Bu dövlətlər isə yalnız Çin və Rusiya ola bilərdi. Halbuki hər ikisi ABŞ-nin əsas strateji rəqibləridir. Belə çıxır ki, Kelloq Çin və Rusiya ilə hərbi ittifaq qurmağı təklif edir? Bu iddianın məntiqi yoxdur. Çünki NATO-nun daxilində olan dövlətlərin böyük əksəriyyəti dünyanın ən güclü ordularına malikdir. Böyük Britaniya, Fransa və Almaniya kimi ölkələrin mövcudluğu belə göstərir ki, bu, yüksək hərbi-texniki imkanları olan dövlətlərin koalisiyasıdır. Bəs Amerikanın NATO ilə bağlı narahatlığı nədən yaranır? Yaxın Şərqdə baş verən hadisələr, xüsusən İrana müdaxilə məsələsində Avropa dövlətlərinin – Fransa, Böyük Britaniya və İspaniyanın birbaşa əməliyyatlara qoşulmaması fonunda bu narahatlıq ortaya çıxdı. Bununla yanaşı, NATO üzvü olan Türkiyə də regionda mühüm rol oynayır və ABŞ-nin Türkiyəni müttəfiq kimi görməzdən gəlməsi mümkün deyil”.

Analitik qeyd edib ki, əgər yeni yaradılacaq ittifaqda Türkiyə və digər güclü NATO üzvləri yenə iştirak edəcəksə, deməli ABŞ-nin problemi NATO ilə deyil, sözünü dinləməyən Qərbi Avropa ölkələri ilədir:

“Bu baxımdan Kelloqun çıxışı daha çox ABŞ-nin Avropaya ənənəvi müttəfiqlərdən uzaqlaşmaq və onları təhlükəsizlik baxımından ABŞ-dan asılı olduqlarını anlamağa məcbur etmək mesajı kimi görünür. Bu ssenari baş tutsa və NATO dağılsa, ABŞ yeni ittifaqa kimi daxil edə bilər? İsrail böyük ehtimalla bu ittifaqda yer alar. Türkiyənin də daxil edilməsi istənilə bilər, çünki Yaxın Şərqdə Türkiyəsiz hərbi strategiya qurmaq çətindir. Yaponiya da nəzəri olaraq mümkün namizəddir, lakin bu, Yaponiyanın birbaşa Çinin hədəfinə çevrilməsi demək olardı və Tokio buna ehtiyatla yanaşa bilər. Ukraynaya gəlincə, ABŞ üçün Ukrayna bu kontekstdə əsas tərəfdaş sayılmır. NATO-dan çıxaraq Böyük Britaniya, Fransa və Almaniya kimi güclü hərbi-texniki potensiala malik ölkələri itirib, onları Ukrayna ilə əvəzləmək məntiqsiz görünür. Ukrayna belə bir ittifaqda yalnız simvolik rol oynaya bilər”.

Ekspert bildirib ki, indiki vəziyyətdə ABŞ üçün NATO-dan daha güclü hərbi birlik qurmaq çətindir:

“Çünki ABŞ-la müttəfiq ola biləcək ən güclü dövlətlər artıq NATO-da toplanıb. Bundan daha güclü potensial yalnız Çin, Rusiya və qismən Hindistandır ki, bunlar da ABŞ-nin əsas rəqibləridir. ABŞ-nin onlarla hərbi ittifaq qurması mümkün deyil. Buna görə də mövcud müttəfiqlərdən imtina etmək rasional görünmür”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
sherg.az

1Mənbələr