AZ

Azərbaycanın humanitar diplomatiyası qlobal humanitar missiya TƏHLİL

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycanın son dövrlərdə həyata keçirdiyi humanitar təşəbbüslər ölkənin xarici siyasətində humanizm, mehriban qonşuluq və məsuliyyətli tərəfdaşlıq prinsiplərinin prioritet təşkil etdiyini bir daha nümayiş etdirir. Bu baxımdan, Prezident İlham Əliyevin tapşırıqları əsasında İrana göstərilən humanitar yardım yalnız praktiki dəstək deyil, eyni zamanda, regionda qarşılıqlı etimadın və həmrəyliyin gücləndirilməsinə yönələn siyasi mesaj kimi qiymətləndirilir.

Bu prosesdə Azərbaycanın rolu təkcə yardım göndərən ölkə kimi məhdudlaşmır. Azərbaycan, eyni zamanda, Rusiyanın humanitar yüklərinin İrana çatdırılmasında mühüm tranzit və logistik mərkəz funksiyasını yerinə yetirərək regionda etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. 300 tondan artıq yükün Azərbaycan üzərindən operativ şəkildə ötürülməsi ölkənin infrastruktur imkanlarının və koordinasiya qabiliyyətinin yüksək səviyyədə olduğunu təsdiqləyir.

Rəsmi Tehranın göstərilən yardımlara verdiyi yüksək qiymət iki ölkə arasında etimad mühitinin dərinləşdiyini göstərməklə yanaşı, Azərbaycanın beynəlxalq humanitar proseslərdə fəal iştirak edən məsuliyyətli aktor kimi mövqeyini gücləndirir.

Azərbaycan müxtəlif ölkələrin vətəndaşlarının təhlükəsiz şəkildə təxliyəsində də iştirak edərək humanitar dəhliz rolunu uğurla yerinə yetirir. Burada əsas məsələ Azərbaycanın bu proseslərdə üzərinə götürdüyü geniş humanitar missiyadır.

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu bildirib ki, Cənubi Qafqaz regionunun ümumi geosiyasi mənzərəsinə nəzər saldıqda, Azərbaycanın yalnız enerji, hərbi və strateji addımlarla deyil, eyni zamanda, humanitar prinsiplərə əsaslanan siyasəti ilə də fərqləndiyi açıq şəkildə müşahidə olunur. Azərbaycanı digər qonşu ölkələrdən fərqləndirən əsas xüsusiyyətlərdən biri də məhz bu humanitar yanaşmadır. Ölkəmiz bir çox məsələlərdə beynəlxalq ədalətsizliyə qarşı ədalətli mövqe sərgiləyərək humanizm prinsiplərindən çıxış edir və bu yanaşma artıq formalaşmış dövlət siyasətinə çevrilib.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın humanitar yanaşması təkcə bugünkü hadisələrlə məhdudlaşmır. “Biz bunu COVID-19 pandemiyası dövründə də gördük. Eyni zamanda, Beyrut limanında baş verən partlayış zamanı Azərbaycan-Livan münasibətlərinin yüksək səviyyədə olmamasına baxmayaraq, Prezident İlham Əliyevin qərarı ilə Livan xalqına yardım göstərildi. Bu, Azərbaycanın humanitar siyasətinin prinsipial xarakter daşıdığına işarədir”, – deyə o bildirib.

Azərbaycan coğrafi baxımdan olduqca kritik və strateji əhəmiyyətə malik bir bölgədə yerləşir və müstəqilliyini bərpa etdiyi gündən etibarən göstərdiyi mövqe regionda gedən güc mübarizəsi kontekstində müxtəlif müzakirələrə səbəb olub. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev bu fikirdədir: “Lakin Azərbaycan hər zaman açıq şəkildə bəyan edib ki, bu coğrafiya qarşıdurma məkanı deyil, qonşulara qarşı istifadə ediləcək platforma deyil, əməkdaşlıq coğrafiyasıdır. İrana göndərilən humanitar yardımlar, eyni zamanda, Rusiyanın humanitar yüklərinin Azərbaycan üzərindən İrana çatdırılması bir daha göstərir ki, ölkəmiz məhz bu prinsipə uyğun siyasət həyata keçirir”.

Onun sözlərinə görə, Azərbaycan uzun illərdir özünü Şərq ilə Qərb, Şimal ilə Cənub arasında mühüm nəqliyyat qovşağı kimi formalaşdırmağa çalışır və bu istiqamətdə ciddi investisiyalar həyata keçirilib. Dəmir və avtomobil yollarının inşası, logistik imkanların genişləndirilməsi təsadüfi deyil. Bu gün həm Orta Dəhliz, həm də Şimal-Cənub nəqliyyat dəhlizi ən çox müzakirə olunan məsələlərdəndir və Azərbaycan bu proseslərin mərkəzində yer alır. Azərbaycan xüsusilə Şimal-Cənub dəhlizində birləşdirici qovşaq rolunu oynaya biləcək ciddi potensiala malikdir. Bu, artıq təkcə nəzəri yanaşma deyil, real praktikada da öz təsdiqini tapır.

Ekspertlər hesab edirlər ki, Azərbaycanın həyata keçirdiyi siyasət uzunmüddətli perspektivdə mühüm nəticələr verəcək. Regional münaqişələr başa çatdıqdan və vəziyyət sabitləşdikdən sonra Azərbaycanın bu gün əldə etdiyi etimad və formalaşdırdığı əməkdaşlıq platforması ölkəmizə həm iqtisadi, həm strateji, həm də siyasi baxımdan ciddi dividendlər qazandıracaq. Çünki ən çətin və kritik dövrdə Azərbaycan etibarlı tərəfdaş kimi çıxış edərək bu etimadı qazanmağı bacardı və artıq bu yol real olaraq istifadə olunan bir xəttə çevrilib.

Beləliklə, Azərbaycanın həm birbaşa humanitar dəstək göstərməsi, həm də beynəlxalq humanitar dəhliz funksiyasını uğurla yerinə yetirməsi regionda sülh, sabitlik və qarşılıqlı yardım mühitinin formalaşmasına töhfə verən çoxşaxəli siyasətin tərkib hissəsi kimi çıxış edir və bu yanaşma ölkənin beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayır.

Müxbir - Səbinə Əlizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
azertag.az

1Mənbələr