AZ

Sudanda xəstəxanaya hücum olub, azı 10 nəfər ölüb

Qahirə, 3 aprel, AZƏRTAC

Sudanda xəstəxanaya pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum nəticəsində azı 10 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Sərhədsiz Həkimlər Təşkilatı məlumat yayıb.

Qurum hücumun Çevik Dəstək Qüvvələri tərəfindən həyata keçirildiyini bildirib: “Qəbuledilməz bu hücum nəticəsində azı 10 nəfər, o cümlədən 7 tibb işçisi həyatını itirib. Onlardan bəziləri əvvəllər Sərhədsiz Həkimlər Təşkilatı ilə əməkdaşlıq edib”.

Məlumata görə, hadisə əl-Nil əl-Abyad vilayətinin Cəbəleyn bölgəsində yerləşən xəstəxanada baş verib. Hücum zamanı tibb müəssisəsinə iki dəfə zərbə endirilib, nəticədə əməliyyat otağı və doğum şöbəsi dağıdılıb.

Qeyd olunub ki, hücum uşaqlar üçün peyvənd kampaniyası zamanı baş verib.

Xatırladaq ki, 2023-cü ilin aprel ayından etibarən Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən münaqişə nəticəsində on minlərlə insan həlak olub, 12 milyondan çox şəxs isə öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

 

Seçilən
8
1
azertag.az

2Mənbələr