Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.
Yaxın Şərqdə müharibənin kəskinləşməkdə olduğu bir ərəfədə İranın keçmiş xarici işlər Məhəmməd Cavad Zərif Tehranı ABŞ və İsraillə münaqişədə yanaşmalarını yenidən nəzərdən keçirməyə çağırıb.
Sabiq diplomat İran hakimiyyətini qələbə elan etməyə, ardınca mövcud münaqişəyə son qoyacaq və növbəti münaqişənin qarşısını alacaq razılaşma imzalamağa səsləyib.
Zərifin iddiasına görə, İran hazırda qələbə elan edə və eskalasiyanın qarşısını alacaq və ölkənin təhlükəsizliyini təmin edəcək diplomatik razılaşmaya gələ biləcəyi nöqtədədir.
Politoloq Azər Hüseynov Bakupost.az-a bildirib ki, Zərif fikirlərində ümumən haqlıdır:
“Nə ABŞ, nə də İran bu qarşıdurmadan klassik mənada “qalib” kimi çıxmaq imkanına malik deyil”.
Onun fikrincə, mövcud dinamika daha çox idarə olunan gərginlik modelinə bənzəyir:
“Yəni tərəflər müharibəni tam qələbəyə qədər aparmaqdan çox, onu müəyyən çərçivədə saxlayaraq siyasi nəticə əldə etməyə çalışırlar. ABŞ geri çəkilərsə, bu, həm regional tərəfdaşlar, həm də rəqiblər tərəfindən zəiflik siqnalı kimi qəbul olunacaq. Ona görə də Vaşinqton üçün optimal ssenari – münaqişəni nəzarətdə saxlamaq, amma genişmiqyaslı müharibəyə də getməməkdir”.
Ekspertin sözlərinə görə, İran da oxşar dilemma qarşısındadır:
“Tehran üçün bu qarşıdurma ideoloji, təhlükəsizlik və regional təsir baxımından həyati əhəmiyyət daşıyır. Lakin eyni zamanda uzunmüddətli və genişmiqyaslı müharibə İran iqtisadiyyatı və daxili sabitliyi üçün ciddi risklər yaradır. Buna görə də İran daha çox “asimmetrik cavab”, regional təsir alətləri və dolayı qarşıdurma üsullarına üstünlük verir”.
Politoloq deyir ki, Zərifin bu yanaşması açıq şəkildə kompromis kimi təqdim olunmasa da, əslində tərəflərin üz-üzə gəlmədən müəyyən razılaşma çərçivəsi formalaşdırmaq niyyətinin ifadəsidir:
“İran siyasi elitasında da belə bir anlayış var ki, tam qələbə real deyil, amma qarşı tərəfi müəyyən həddə qədər geri çəkilməyə məcbur etmək və bunu daxili auditoriyaya “qələbə” kimi təqdim etmək mümkündür. Bu mənada Zərifin verdiyi açıqlama əslində İranın diplomatik razılaşmaya getmək istəyinin təcəssümü də sayıla bilər”.
Rüfət Sultan, BakuPost
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.