ain.az, Sherg.az saytına istinadən bildirir.
Hazırda işləyən vətəndaşlardan toplanan vəsaitlər yığılmır, təqaüdçülərə ödənilir
Gələcəkdə isə bizim pensiyalarımızı gənc nəsilin maaşından tutulan vəsaitlər hesabına ödəmək lazım gələcək
Vəhdət Partiyası sədr müavini Vasif Əfəndiyev ipoteka borcları və pensiya kapitalı ilə bağlı mövcud vəziyyətin hüquqi və sosial baxımdan yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.
Bu barədə Sherg.az-a danışan partiya funksioneri qeyd edib ki, vətəndaşın vəfatından sonra kredit borcunun varislərə keçməsi hüquqi baxımdan normal sayılsa da, həmin şəxsin illərlə topladığı pensiya kapitalının bu borcun bağlanmasına yönəldilməməsi sosial ədalət baxımından suallar doğurur:
“Bir vətəndaş 50 min manat ipoteka krediti götürərək ev alır. Əgər bu vətəndaş dünyasını dəyişərsə, onun borc öhdəliyi varislərinə keçir. Yəni ailə üzvləri kredit tam bağlanana qədər ödənişi davam etdirməlidir. Bu, Azərbaycan qanunvericiliyində mövcud olan qaydadır. Lakin maraqlı və mübahisəli bir məqam ortaya çıxır. Əgər vətəndaşın ölümündən sonra onun 50 min manat pensiya kapitalı olduğu məlum olarsa, bu vəsait avtomatik olaraq kreditə yönəldilmir. Bu isə ciddi suallar doğurur və sosial ədalət baxımından doğru deyil. Bir tərəfdən ailə borc yükü altında qalır, digər tərəfdən isə vətəndaşın öz topladığı vəsait istifadə olunmadan qalır. Bu vəziyyət bir çoxlarına görə insan haqlarına və sosial ədalət prinsipinə uyğun deyil. Bu səbəbdən dünyqsını dəyişmiş insanların pensiya kapitalının onun varislərionə və kredit borclarına yönəldilməsi ilə bağlı yeni və daha ədalətli qanunların qəbul olunmasına ehtiyac var”.
Mövzunu şərh edən hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə Sherg.az-a açıqlamasında məsələyə daha geniş rakursdan yanaşmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, prinsip etibarı ilə vəfat etmiş şəxslərin pensiya kapitalı yalnız ipoteka borclarının ödənilməsinə deyil, həmçinin digər kredit öhdəliklərinə də yönəldilə bilər:
“Eyni zamanda, borcu olmayan şəxslərin pensiya kapitalının varislərinə çatdırılmaması da hüquqi və sosial baxımdan aktual bir problem olaraq qalır. Hətta bəzi ölkələrdə vəfat edən şəxsin pensiya kapitalı tam və ya qismən vərəsələrinə verilir. Bizdə isə bu hal qanunvericiliklə tənzimlənmir. Səbəbi də odur ki, dövlətin belə bir pulu yoxdur”.
Ə. Həsənov qeyd edib ki, Azərbaycanda mövcud pensiya sistemi yığım əsaslı deyil, həmrəylik əsaslı pensiya sistemidir. Onun sözlərinə görə, əmək müqaviləsi ilə çalışan hər bir vətəndaş gəlirinin müəyyən hissəsini məcburi olaraq Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödəyir: “Bir çox insan səhv düşünür ki, bu vəsait illər ərzində onun şəxsi hesabında yığılır və təqaüdə çıxanda hissə-hissə ödənilir. Əslində isə bu pullar qocalığımız üçün yığılmır; hazırda təqaüddə olanlara aylıq müavinət şəklində verilir. Yoxsa ki, DSMF-nin o qədər pulu var ki, hər ay təqaüdçülərə ödəsin!? Bütün pensiyalar hazırda işləyən insanların, bizim, sizin hesabınıza verilir. Üstəlik, bu vəsaitlər də kifayət etmir. Hər il dövlət büdcəsindən əlavə vəsait ayrılır Fonda təqaüdlərin ödənməsi üçün. Əgər ölən şəxslərin pensiya kapitalı varislərinə və ya kredit borclarının ödənilməsinə yönəlsə, Fondun təqaüdləri ödəmək üçün kifayət qədər vəsaiti qalmayacaq. İndi ən azından vətəndaşların müəyyən hissəsi pensiya yaşına çatana qədər dünyasını dəyişir deyə onların maaşından tutulan vəsaitlər başqa şəxslərə verilir. Elə hazırkı sistem isə təbii olaraq müəyyən insanların pensiya yaşına çatmadan və ya yalnız kiçik hissəsini istifadə etdikdən sonra vəfat etməsini nəzərə alaraq formalaşdırılıb”.
Hüquqşünas vurğulayıb ki, vəfat etmiş şəxslərin pensiya kapitalının varislərə və ya kredit borclarına yönəldilməsi təkliflərinin icrası üçün dövlət büdcəsi təqaüd ödəmələrini öz üzərinə götürməli və DSMF-yə indidən daha böyük məbləğdə vəsait ayırmalıdır. Lakin reallıq göstərir ki, bu, praktik olaraq mümkün deyil: “ Hazırda dövlət büdcəsi ciddi problemlərlə üzləşir və iqtisadi vəziyyət uzunmüddətli böhran riski daşıyır. Vətəndaşlar artıq qəbul etməlidirlər ki, ölkədə büdcə resursları məhduddur. Pul yoxdur! İran- ABŞ müharibəsinə görə neftin qiymətinin qalxması hesabına bəlkə bir az büdcəyə əlavə vəsait yığıla, onun hesabına dövlət hansısa sosial tədbirlər görə. Lakin bu da müvəqqəti bir haldır. Müharibə dayanan kimi neftin qiyməti də əvvəlki vəziyyətə düşəcək. Azərbaycanda ümumdaxili məhsulun artım tempi çox aşağıdır və inflyasiyanı nəzərə aldıqda, bu artım praktiki olaraq azalma kimi qiymətləndirilir”.
Ə. Həsənov hesab edir ki, vətəndaşların təklif etdiyi sistemin həyata keçirilməsi üçün dövlət ya pensiyaların məbləğini azaltmalı, ya da əməkhaqqından sosial fonda tutulan ödənişləri artırmalıdır: “Lakin bu da mümkün olan iş deyil! Pensiya alanların məbləğinin azaldılmasına və ya işləyənlərin daha çox vergi ödəməsinə hansımız razı olarıq? Biz indidən pensiya kapitalımızın taleyini düşünürük ki, biz öləndə kimlərə qalacaq!?
Hələ görək, ölməsək pensiya ala biləcəyikmi? Dediyim kimi, hazırda işləyən vətəndaşlardan toplanan vəsaitlər yığılmır, təqaüdçülərə ödənilir, gələcəkdə isə bizim pensiyalarımızı gənc nəsilin maaşından tutulan vəsaitlər hesabına ödəmək lazım gələcək. Ölkənin iqtisadi vəziyyəti isə qeyri-müəyyəndir: gənclər işləyə biləcəkmi, maaş alacaqlarmı, inflyasiya və devalvasiya yığılan kapitalları yeməyəcək ki? Bizə pensiya verməyə pul olacaqmı? Bunların dərdini çəkmək lazımdır, pensiya kapitalı adı ilə yığılan, lakin bizim olmayan pulların yox!
Bir tərəfdən də ölkədə demoqrafik vəziyyət ciddi narahatlıq doğurur: əhali qocalır, işləyənlərin sayı azalmaqda, pensiya alanların sayı artmağa doğru gedir. Bu gedişlə yaxın 5-10 il ərzində pensiya sisteminin yükü daha da ağırlaşacaq və vəziyyət indi olduğundan daha kritik olacaq”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.