Mina təhlükəsiziliyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin müdiri, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü Məmməd Kətanov çıxış edib.
QHT.az xəbər verir ki, Məmməd Kətanov çıxışında qurumun uzun illərdir mina təhlükəsi ilə bağlı maarifləndirmə işlərini sistemli şəkildə həyata keçirdiyini deyib.
Məmməd Kətanovun sözlərinə görə, bu fəaliyyətlər təkcə ümumi əhali arasında deyil, həm də minadan zərərçəkmiş şəxslərin iştirakı ilə təşkil olunur. O qeyd edib ki, məhz hadisəni yaşamış insanların öz təcrübələrini paylaşması cəmiyyətin məlumatı daha yaxşı qavramasına mühüm təsir göstərir.
“Minadan zərərçəkən şəxslərin öz başlarına gələn hadisələri danışmaları insanlarda daha güclü fikir formalaşdırır və maarifləndirmənin təsirini artırır” – deyə M.Kətanov vurğulayıb.
Müdir bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti 2007-ci ildən etibarən həm mina qurbanları ilə iş aparır, həm də geniş ictimai maarifləndirmə proqramları təşkil edir. Onun sözlərinə görə, bu müddət ərzində 105 mindən artıq vətəndaş mina təhlükəsi barədə məlumatlandırılıb.
M.Kətanovun sözlərinə görə, hazırda əsas istiqamətlərdən biri işğaldan azad olunmuş ərazilərə qayıdan məcburi köçkünlər arasında maarifləndirmə tədbirlərinin keçirilməsidir. O bildirib ki, son iki ildə bu fəaliyyətlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Qızıl Aypara Cəmiyyəti tərəfindən mütəmadi davam etdirilir.
Məmməd Kətanov qeyd edib ki, Bakı şəhərində və digər ərazilərdə məskunlaşmış məcburi köçkünlər ilkin mərhələdə maarifləndirilir, daha sonra isə geri qayıtdıqları ərazilərdə bu işlər yenidən davam etdirilir.
“Maarifləndirmə bir dəfəlik proses deyil; biz üç və altı aydan bir qiymətləndirmə apararaq insanların hansı məlumatları mənimsədiyini və hansı səhvləri təkrar etdiyini müəyyənləşdiririk” – deyə şöbə müdiri əlavə edib.
Müdir vurğulayıb ki, təlimlərdən əvvəl iştirakçıların mövcud bilik səviyyəsi öyrənilir, sonrakı mərhələlərdə isə əldə olunan nəticələr qiymətləndirilir. Bu yanaşma maarifləndirmə prosesinin daha effektiv qurulmasına imkan yaradır.
M.Kətanov həmçinin qeyd edib ki, bu istiqamətdə işlərin yalnız bir qurum tərəfindən həyata keçirilməsi mümkün deyil və müxtəlif dövlət və ictimai təşkilatlarla əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Sonda o, gələcəkdə də birgə fəaliyyətlərin davam etdiriləcəyinə ümid etdiyini bildirib, bütün tərəfdaş qurumlara təşəkkürünü çatdıraraq əməkdaşlığa hər zaman açıq olduqlarını vurğulayıb.
Fatimə Nəbiyeva