AZ

Yanvar-fevral aylarında paytaxtda orta aylıq əməkhaqqı 1391.9 manat olub

Bakı Şəhər Statistika İdarəsi bu ilin ilk iki ayının göstəricilərini açıqlayıb

Sənayenin inkişafı haqqında

2026-cı ilin yanvar-fevral aylarında  sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi  7,1 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 70,1 faizi mədənçıxarma, 25,2  faizi emal, 3,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun  payı 81,9 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı  86,3 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13,7 faiz təşkil  etmişdir.                                                 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 mart  2026-cı il vəziyyətinə 488,0 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 38,9 milyon manat məbləğində digər məhsullar da  mövcud olmuşdur.

Tikintinin əsas göstəriciləri

2026-cı ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş tikinti işlərinin 79,0 faizini inşa, yenidənqurma və bərpa, 8,8 faizini əsaslı təmir, 7,1 faizini cari təmir, 5,1 faizini isə sair tikinti işləri təşkil etmişdir.

Ümumi tikinti işlərinin 87,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.

Məhsul bazarı haqqında

2026-cı ilin yanvar-fevral aylarında  pərakəndə ticarət şəbəkəsində əhaliyə 6160,0 milyon manatlıq, o cümlədən  3366,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2793,3 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2025-ci ilin müvafiq  dövrü ilə müqayisədə  pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,9 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,2 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 5,1 faiz artmışdır. İstehlak məhsullarının 35,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 56,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 8,1 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.

İctimai iaşə

2026-cı ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,0 faiz artaraq 247,3 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 179,1 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 72,4 faizini təşkil etmişdir.

Ödənişli xidmətlər haqqında

2026-cı ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,9 faiz artaraq 1546,6 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 1319,1 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 85,3 faizini təşkil etmişdir.

Əməkhaqqı

2026-cı ilin yanvar ayında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 4,4 faiz artaraq 1391,9 manat olmuşdur.     

Bakı Şəhər Statistika İdarəsi

Seçilən
39
ikisahil.az

1Mənbələr