AZ

Qars təlimi regionda sülh və təhlükəsizlik üçün mühüm addımdır

Türkiyənin Qars şəhərində “Heydər Əliyev-2026” Azərbaycan–Türkiyə keçiriləcək. Bu təlim Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlığın, strateji müttəfiqliyin və ortaq təhlükəsizlik iradəsinin növbəti parlaq təzahürüdür.

Hərbi ekspert Emin Həsənli QHT.az-a açıqlamasında bildirib ki, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq yüksək səviyyədə davam edir və birgə plana əsasən mütəmadi olaraq hər iki ölkədə hərbi təlimlər keçirilir. Onun sözlərinə görə, bu təlimlərin davamlı xarakter daşıması iki qardaş ölkə arasında strateji tərəfdaşlığın göstəricisidir.

E.Həsənlinin sözlərinə görə, keçirilən təlimlərə ümummilli liderin adının verilməsi təsadüfi deyil. Ekspert qeyd edib ki, bu yanaşma “bir millət, iki dövlət” ideyasının mahiyyətini özündə əks etdirir və Azərbaycan-Türkiyə münasibətlərinin siyasi, iqtisadi və hərbi sahələrdə formalaşmasının əsasını göstərir.

Ekspert vurğulayıb ki, təlimlərin əsas məqsədi koordinasiyalı birgə fəaliyyətin təmin olunması, əvvəlcədən planlaşdırılmış əməliyyatların icrası, döyüş hazırlığının artırılması və birgə təminat mexanizmlərinin gücləndirilməsidir. Onun fikrincə, bu təlimlər gələcəkdə mümkün təhlükələrə qarşı vahid ordu prinsipi ilə operativ reaksiya vermək baxımından xüsusi əhəmiyyət daşıyır.

Emin Həsənli bildirib ki, Azərbaycan və Türkiyə bütün qoşun növləri üzrə davamlı təlimlər həyata keçirir. O əlavə edib ki, hər iki ölkəyə yönələ biləcək hər hansı təhlükə zamanı ortaq müdafiə mexanizminin işə düşməsi regionda və beynəlxalq müstəvidə sülhün təmin olunmasına xidmət edir.

“Sabah bir ordu halında fəaliyyət göstərmək üçün belə təlimlərin əhəmiyyəti həddindən artıq böyükdür” – deyə hərbi ekspert qeyd edib.

E.Həsənlinin sözlərinə görə, həm 44 günlük Vətən müharibəsində, həm də Türkiyənin Yaxın Şərqdə keçirdiyi əməliyyatlarda ciddi hərbi təcrübə toplanıb. Ekspert hesab edir ki, hər il yeni texnologiyaların tətbiqi fonunda bu təcrübə mübadiləsi daha da vacib xarakter alır.

Ekspert vurğulayıb ki, hazırda regionda və dünyada hərbiləşmə prosesi sürətlənir. O, Yaxın Şərqdəki gərginlik, Rusiya-Ukrayna müharibəsi və regiondakı digər risklərin təhlükəsizlik məsələlərini daha da aktuallaşdırdığını bildirib.

“Dövlətin müstəqilliyini qorumaq üçün güclü ordu, təhlükəsizliyi təmin etmək üçün isə qardaş ölkələrlə birgə əməkdaşlıq vacibdir” – deyə Emin Həsənli əlavə edib.

Fatimə Nəbiyeva

Seçilən
26
qht.az

1Mənbələr