Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İran mühasirədədir, razılaşmasa, enerji infrastrukturu vurulacaq
“Müşahidə etdiyim proseslər onu göstərir ki, ərəb ölkələri də İrana qarşı müharibəyə qoşulacaq. Nəticədə, İran regionda düşmən qüvvələrin əhatəsində qalacaq"
ABŞ və İsrailin fevralın 28-də İrana birgə hücumu ilə başlayan müharibə bir ayı keçib. Gün keçdikcə regiondakı vəziyyət yumuşalmaq əvəzinə mürəkkəb xarakter almağa başalayır. Son məlumatlara görə İranda ölənlərin sayı 1.973 nəfəri ötüb. Müharibənin yaratdığı fəsadlar İran generallarının sayının azalmasına, ABŞ hərbi komandirlərinin isə istefasına səbəb olur.
ABŞ lideri Donad Tramp İranın razılığa gəlmək istədiyini bildirsə də, ölkənin xarici işlər naziri Abbas Əraqçi atəşkəsi qəbul etməyəcəyini açıqlayıb. Raket və dron yağışının artdığı dövrdə, ölkə liderlərinin sərt hədələri də səngimək bilmir. İranın Ali rəhbəri Müctəba Xamenei, ABŞ və İsrailə qarşı müqavimət kursunun davam etdiriləcəyini bildirib. Buna cavab olaraq D. Tramp razılaşma əldə olunmazsa, İranı “daş dövrünə qaytarmaqla” hədələyib. Digər tərəfdən, Körfəz ölkələrinin sərt bəyanatları İrana qarşı yeni cəbhələrin açılacağına dair riskləri artırır. İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf, region ölkələrindən birinin ABŞ-yə dəstək göstərdiyini vurğulayıb. Hadisələrin regionu hansı istiqamətə aparacağı sual altındadır.
Mövzu ilə bağlı Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Sherg.az-a bildirib ki, ABŞ və İsrailin hərbi texnoloji potensialı İrandan üstün səviyyədədir:
“Hələ, müharibənin ilk həftəsində İranın hava hücumundan müdafiə sistemi sıradan çıxarıldı. ABŞ və İsrail qırıcıları sərbəst şəkildə İran səmasında hədəflərə zərbələr endirirlər. Bütün bunlar hərbi cəhətdən İranın məğlub olduğunu göstərir. SEPAH süni intellekt vasitəsilə qorxuducu videolar yayıb-effekt yaratmağa çalışsa da, reallıqda hərbi zərbələrin öz təsirini göstərdiyinin şahidi oluruq. ABŞ danışıqlar masasına əyləşmək üçün İrana müəyyən şərtlər irəli sürüb”.
Politoloqun sözlərinə görə rəsmi Tehran şərtlərlə razılaşmazsa, bütün elektrik stansiyaları və yanacaq doldurma məntəqələri hədəfə alınacaq:
“Tramp İranı daş dövrünə qaytaracağını bəyan etməsi ilə məhz bunu nəzərdə tuturdu. Əgər həmin hədəflər vurularsa, İran əhalisi susuz, işıqsız və qida çatışmazlığı ilə üz-üzə qalaraq, ciddi sosial problemlərlə qarşılaşacaq. İran parlamentinin sədri Məhəmmədbaqer Qalibafın dedikləri isə psixoloji təzyiq mexanizmlərinə əsaslanır. Məsələn, sabah Tehrandakı elektrik stansiyalarının bombalanması Qalibaf kimi yüksək vəzifəli rəsmilərin bəyanat vermək imkanlarını da məhdudlaşdıracaq. İran rəsmiləri artıq gözlərini açıb, reallığa baxmalıdır”.
T.Zülfüqarovun fikrincə, Tehranın genişmiqyaslı müharibə şəraitində müdafiə olunması üçün kifayət qədər hərbi qüvvəsi yoxdur:
“Müşahidə etdiyim proseslər onu göstərir ki, ərəb ölkələri də İrana qarşı müharibəyə qoşulacaq. Nəticədə, İran regionda düşmən qüvvələrin əhatəsində qalacaq. İran ordusunun kimlər tərəfindən idarə olunduğu belə şübhəlidir. Məhz bunun nəticəsidir ki, Azərbaycan və Türkiyə hücumlara məruz qaldı. SEPAH-ın dağınıq döyüş strategiyası, Trampın ölkəni daş dövrünə qaytaracağına dair bəyanatının reallaşmasına zəmin yaradır”.
Sabiq nazir bildirib ki, İran rəsmilərinin əsassız bəyanatları real təsirə malik deyil:
“Qalibafın başı üzərində İsrail qırıcılarının uçduğu bir şəraitdə, o yenə də güc nümayişindən bəhs edir. Hətta ABŞ-ni birbaşa üz-üzə vuruşmağa çağırırlar. İndiki mərhələdə, orta əsrlərdə olduğu kimi heç bir qüvvə İrana gəlib, qılıncla vuruşan deyil. ABŞ ordusunun İran küçələrində birbaşa döyüşlərə cəlb olunacağını təsəvvür etmək çətindir. İran rəsmiləri emosional bəyanatlar səsləndirmək əvəzinə, xalqı müharibənin ağır nəticələrindən qorumağın yollarını axtarmalıdır”.
T.Zülfüqarovun qənaətinə görə, İranın ABŞ və İsraili məğlub edəcəyini gözləmək absürddür:
“Bunların hamısı siyasi oyundur. Təəssüf ki, dini və etnik baxımdan bizə yaxın olan İran xalqı böyük bir bəlaya düçar olub. Azərbaycan İrandakı vəziyyətə görə məyusdur. Rəsmi Bakı, günahsız insanların müharibə qurbanına çevrilməsini istəmir. Tərəflərin tezliklə sülh danışıqları üçün eyni masa arxasında oturmalarını arzulayır”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.