Rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi müasir dövrdə səhiyyə sahəsində də innovativ və istifadəçi yönümlü həllərə ehtiyac artır.
Məhz bu ehtiyacdan çıxış edərək gənc tələbə Əli Yusubov "Care" adlı elektron sağlamlıq platformasını yaradıb. Layihə həm pasiyentlər, həm də həkimlər üçün tibbi xidmətlərin daha əlçatan, sürətli və şəffaf şəkildə idarə olunmasını hədəfləyir.
Hazırda ABŞ-da Boston College-də biokimya ixtisası üzrə təhsil alan 20 yaşlı Əli Yusubovun sözlərinə görə, platformanın ideyası gündəlik həyatda texnologiyanın yaratdığı rahatlıqdan ilhamlanaraq formalaşıb. Uşaqlıqdan həkim olmaq arzusu ilə böyüyən gənc, səhiyyə sahəsində real problemlərə praktiki həll təqdim etmək məqsədilə bu layihəni həyata keçirib.
"Care" platforması istifadəçilərə bütün tibbi məlumatlarını vahid sistemdə toplamaq imkanı yaradır. "ecare" mobil tətbiqi vasitəsilə pasiyentlər analiz nəticələrini, reseptlərini və müayinə tarixçələrini bir platformada saxlayaraq istənilən vaxt bu məlumatlara çıxış əldə edə bilirlər. Eyni zamanda, onlayn həkim qəbulu, elektron reseptlər və bildiriş sistemi kimi funksiyalar tibbi prosesləri daha rahat idarə etməyə imkan verir.
Platforma həkimlər üçün də əhəmiyyətli üstünlüklər təqdim edir. "dr.ecare.az" sistemi vasitəsilə həkimlər pasiyentin tibbi tarixçəsinə operativ şəkildə baxa, diaqnoz və müalicə prosesini daha dəqiq planlaşdıra, həmçinin elektron sənədləşmə və kommunikasiya imkanlarından istifadə edə bilirlər. Bu isə həm vaxt itkisini azaldır, həm də xidmət keyfiyyətini artırır. Layihənin əsas fərqləndirici cəhəti isə onun həm pasiyent, həm də həkim üçün eyni platformada real dəyər yaratmasıdır.
"Care" mövcud sistemlərdən fərqli olaraq bu iki tərəf arasında kommunikasiya boşluğunu aradan qaldırır və tibbi məlumatların mərkəzləşdirilmiş şəkildə idarə olunmasını təmin edir.
Əli Yusubov bildirir ki, platformanın hazırlanması zamanı ən böyük çətinlik onun real praktikada effektivliyini təmin etmək olub. Bu prosesdə həkimlərin təcrübəsi və tövsiyələri layihənin daha funksional və istifadəçi dostu formada inkişafına mühüm töhfə verib.
Gələcək planlara gəldikdə isə, gənc təşəbbüskar platformanın daha geniş auditoriyaya çıxarılmasını, müxtəlif dillərin əlavə olunmasını və texniki imkanların daha da təkmilləşdirilməsini hədəfləyir.
Əli Yusubov digər gənclərə də öz ideyalarının arxasınca getməyi, kiçik addımlarla başlamağı və davamlı inkişaf etməyi tövsiyə edir. Onun sözlərinə görə, uğurun əsasında məhz sevdiyin sahədə çalışma və davamlı zəhmət dayanır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta