AZ

“ABŞ və İsrailin Türkiyəyə hücum edəcəyi barədə iddialar gülüncdür” -Metyu Brayza

"ABŞ-nin Prezidenti Donald Tramp NATO ittifaqını həqiqətən də ciddi təzyiq altında qoyub. O, həm bu birliyin hər hansı bir faydasının olub-olmadığını və gələcəkdə sağ qalıb-qalmayacağını sual altına almaqla, həm də NATO müttəfiqləri ilə məsləhətləşmədən İsraillə birlikdə İranda müharibəyə başlaması və bu müharibəni davam etdirməsi ilə qurumu çətin sınaq qarşısında qoyub. İndi isə o, müttəfiqlərinin bu müharibəni istəməmələrinə və onlarla məsləhətləşməməsinə baxmayaraq, NATO üzvlərindən Hörmüz boğazını yenidən açmaq prosesinə qoşulmalarını tələb edir".

Bunu Redaktor.az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirdi.

"Dünən Birləşmiş Krallığın Baş naziri Kir Starmer Hörmüz boğazının açılması istiqamətində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə 34 ölkənin liderini bir araya gətirdi, lakin bu görüşə Amerika Birləşmiş Ştatları daxil edilmədi. Ümumiyyətlə, Prezident Tramp çoxtərəfli formatlar əvəzinə ikitərəfli diplomatiyaya, yəni ABŞ-nin birbaşa olaraq yalnız bir ölkə ilə danışıqlar aparmasına üstünlük verir. Çünki o bilir ki, ABŞ yer üzündəki digər ölkələrdən qat-qat güclüdür və yalnız tək tərəflə dialoq qurmaqla özü üçün daha əlverişli nəticələr əldə edə bilər", - deyə diplomat qeyd etdi. 

Müsahibimiz Trampın NATO-ya bənzəməyən, lakin həmfikir ölkələrdən ibarət yeni bir qrup yaratmaq istədiyinə dair hər hansı bir məlumatın olmadığını və bunun ümumiyyətlə onun siyasi tərzinə uyğun olmadığını da əlavə etdi:

"Eyni zamanda, Türkiyə ilə ABŞ arasında xüsusi, yeni tip tərəfdaşlıq barədə də eşitməmişəm. ABŞ-Türkiyə münasibətləri ciddi gərginlik dövrünü yaşasa da Trampın hakimiyyəti dövründə vəziyyətin yaxşılaşdığı müşahidə olunur. Martın əvvəlində Tramp Türkiyənin dövlət banklarından biri olan "Halkbank"a qarşı qaldırılan və milyardlarla dollar cərimə ilə nəticələnə biləcək çox mübahisəli məhkəmə işini dayandırdı və ya ləğv etdi. Bu cərimə bankın iflasına və Türkiyədə ciddi bank böhranına səbəb ola bilərdi. ABŞ Ədliyyə Nazirliyinin qərarı izah edən məktubunda bildirilirdi ki, bu addım böyük ölçüdə Türkiyənin HƏMAS tərəfindən girov götürülən şəxslərin azad edilməsində göstərdiyi mühüm köməklik və Prezident Trampın Qəzzada döyüşləri dayandırmaq üçün irəli sürdüyü 20 bəndlik planın yekunlaşdırılmasına verdiyi dəstəklə bağlıdır".

Metyu Brayza əlavə etdi ki, Trampın dövründə Türkiyə ilə münasibətlər yaxşılaşmağa doğru getsə də, Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldığına görə hələ də "Amerikanın Rəqiblərinə Sanksiyalar Vasitəsilə Cavab Vermə Aktı" (CAATSA) çərçivəsində sanksiyalar altındadır:

"Bu məsələ hələ də həllini tapmalıdır. Ona görə də sanksiyalar qüvvədə olduğu müddətdə ABŞ və Türkiyə arasında yeni təhlükəsizlik tərəfdaşlığını təsəvvür etmək çətindir. Digər tərəfdən, Suriyadakı yeni hökumətin YPG-nin tamamilə Suriya Milli Ordusuna inteqrasiya olunmasını tələb etməsi ilə ABŞ və Türkiyə arasında PKK-nın Suriya qolu olan YPG ilə bağlı gərginliyin də həll olunacağına ümidlər artır".

Onun sözlərinə görə, hazırda Türkiyədə təhsilli və uğurlu insanlar arasında belə bir şayiə dolaşır: ABŞ və İsrail ilə münasibətlərdəki gərginlik o qədər kritik həddə çatıb ki, İran müharibəsindən sonra bu iki dövlətin Türkiyəyə hücum edəcəyi gözlənilir. 

"Məncə, bu iddia gülüncdür və heç bir ağlabatan əsası yoxdur. Lakin bu cür söhbətlər ABŞ-Türkiyə münasibətlərinin Türkiyə cəmiyyətindəki mövcud qavrayışı haqqında aydın təsəvvür yaradır. Bu vəziyyət həm də Türkiyə və ABŞ-nin NATO-dan kənar yeni bir hərbi ittifaq qurma ehtimalının nə qədər aşağı olduğunu bir daha vurğulayır. Türkiyə özünün NATO üzvlüyünə həqiqətən böyük dəyər verir və bu təşkilatın çox etibarlı, mühüm bir üzvüdür", - deyə keçmiş səfir yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
33
1
redaktor.az

2Mənbələr