AZ

Mingəçevir Dövlət Universitetində yeni təyinat olub

Bakı, 3 aprel, AZƏRTAC

Aprelin 3-də Mingəçevir Dövlət Universitetində yeni kadr təyinatı ilə bağlı kollektivə təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, rektor Anar Eminov tərəfindən Mingəçevir Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinə yeni müdir – mətbuat katibi Firuzə Cəlilova kollektivə təqdim olunub.

Rektor çıxış edərək vurğulayıb ki, müasir dövrdə ali təhsil müəssisələrinin fəaliyyətində ictimaiyyətlə əlaqələrin effektiv təşkili mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, həyata keçirilən yeni təyinatın universitetin informasiya siyasətinin daha da gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

Qeyd edilib ki, Firuzə Cəlilova zəngin təhsil və elmi fəaliyyətə malikdir. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb, həmin ixtisas üzrə magistr dərəcəsinə yiyələnib. Daha sonra Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutunun Məktəbəqədər təhsil fakültəsində pedaqoq–psixoloq ixtisası üzrə təhsilini başa vurub. 2008–2013-cü illərdə Təhsil Problemləri İnstitutunun Məktəbəqədər təhsil bölməsində pedaqogika üzrə fəlsəfə doktoru proqramı üzrə doktoranturada təhsil alaraq “Məktəbəqədər təhsil müəssisələrində interaktiv təhsil metodlarından istifadə” mövzusunda dissertasiya işini uğurla müdafiə edib və pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Təqdimat zamanı Firuzə Cəlilova çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib, universitetin ictimaiyyətlə əlaqələr fəaliyyətinin daha da inkişaf etdirilməsi istiqamətində səylə çalışacağını qeyd edib.

Sonda kollektiv üzvləri yeni rəhbər kadrı təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Seçilən
22
2
azertag.az

3Mənbələr