AZ

UNEC-də “Elm Günləri” başa çatdı - FOTOLAR

UNEC-də keçirilən “Elm Günləri” Nobel mükafatı laureatlarına həsr olunmuş müzakirələrlə yekunlaşıb.

"Unikal" xəbər verir ki, tədbirin əsas məqsədi elmin cəmiyyət üçün daha anlaşılan və əlçatan formaya gətirilməsi, elmi biliklərin geniş kütlələr arasında populyarlaşdırılması olub.

Müzakirələr zamanı 2025-ci il üzrə fizika, kimya, iqtisadiyyat və digər sahələrdə Nobel mükafatı qazanan alimlərin bəşəriyyətə verdiyi töhfələr geniş şəkildə təhlil edilib.

UNEC-in rektoru, Ədalət Muradov çıxışında bildirib ki, elmin populyarlaşdırılması universitetin əsas prioritet istiqamətlərindən biridir. O qeyd edib ki, artıq bir neçə ildir Azərbaycanın müxtəlif bölgələrində ali və orta məktəblərdə “Elmin populyarlaşdırılması” və “Elm gözəldir: Məktəbdən elmə” təşəbbüsləri çərçivəsində görüşlər keçirilir. Rektor həmçinin qızların elmə marağının artırılmasına yönəlmiş yeni layihə üzərində işlərin aparıldığını diqqətə çatdırıb.

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin direktoru, Etibar Əliyev təqdimatla çıxış edərək vurğulayıb ki, Nobel mükafatı laureatları yalnız elmi kəşfləri ilə deyil, həm də elmin təbliği istiqamətində gördükləri işlərlə seçilirlər. O bildirib ki, elm yalnız texnologiya və bilikdən ibarət deyil, eyni zamanda mənəvi dəyərlərlə vəhdətdə inkişaf etməlidir: “Əgər gələcəkdə elm mənəviyyatdan uzaqlaşarsa, bu, ciddi problemlərə səbəb ola bilər. Buna görə də elmlə insan dəyərləri arasında balans qorunmalıdır.”

Yazıçı Aqşin Yenisey isə çıxışında elmin daha geniş auditoriyaya, xüsusilə gənclərə çatdırılması üçün maraqlı təklif irəli sürüb. O, Nobel mükafatı laureatlarının və alimlərin müsahibələrinin süni intellekt vasitəsilə canlandırılaraq rəqəmsal platformalarda paylaşılmasının effektiv ola biləcəyini qeyd edib.

Müzakirələr zamanı elmi ədəbiyyatların keyfiyyəti məsələsi də diqqət mərkəzində olub. Bildirilib ki, Azərbaycan dilinə tərcümə olunan elmi kitablar terminoloji və dil baxımından yüksək standartlara cavab verməlidir. Bu məqsədlə nəşrdən əvvəl kitabların müvafiq ekspertiza və xüsusi dil komissiyası tərəfindən yoxlanılması təklif olunub.

Qeyd edilib ki, elmin populyarlaşdırılması yalnız akademik mühitlə məhdudlaşmamalı, məktəbdən başlayaraq cəmiyyətin bütün təbəqələrini əhatə edən vahid yanaşma kimi inkişaf etdirilməlidir.

Sonda Etibar Əliyev UNEC-ə şəxsi kitabxanasından Nobel mükafatçılarına həsr olunmuş kitabları hədiyyə edib.

Seçilən
37
1
unikal.az

2Mənbələr