Yenə böyük bir matç izlədik, iki güclü, səviyyəli rəqiblərin ifasında. Oynanılan futbol da Avropa səviyyəsində, atmosfer də, meydandakı mübarizə də. Bir sözlə, hazır avrokubok matçı.
20 mindən çox tamaçı izlədi oyunu tribunadan. Deməli, afişa maraqlı olanda azarkeş də gəlir matça. Vaxt da, məkan da düz seçilmişdi, futbolsevərlər də bundan yararlandılar.
Davamlı olsun! Belə matçlara ehtiyac var.
Oyuna gəlincə, hər iki komanda meydana optimal heyətlərlə çıxmışdı. Rəqiblər xoşbəxtliyi rəqib qapısı önündə axtarmağa çalışacaqlarını, müdafiədə oturmaq fikrində olmadıqlarını ilk dəqiqələrdən ortaya qoydular. Daha yaxşı oynayan tərəf meydan sahibləri olsa da, "Sabah" daha diqqətli davranırdı. Umaralinin qolu da bu məqamda gəldi. "Qarabağ"ın müdafiəsinin ani diqqətsizliyindən yararlanan özbək yarımmüdafiəçi hesabı açdı.
Bundan sonra "Qarabağ"ı həmişə ciddiyə alacaqsan" prinsipi işlədi. Çox tez eyforiyaya qapılan qonaqlar arxa xətdə demək olar elə ilk epizodda bunun cəzasını çəkdilər. Solvetin öz cərimə meydançasındakı yersiz rahatlığından Kadi maksimum istifadə etdi.
Fasilədən sonra oyuna diqtə edən tərəf "Qarabağ" idi və 2-ci qol da oyunun axarına düz mütənasib oldu. Düzdür, epizodda Borgesin fərdi ustalığı öz sözünü dedi. Ancaq əla zərbə qola gətirsə də, onaqədərki prosesdə komanda oyununu da qeyd etmək lazımdır.
Qoldan sonra isə "Sabah"ın səhvini ağdamlılar təkrarladılar. Onlar da bir qədər rahat davranmaqla rəqibinə qol şansı yaratmaq imkanı verdilər. Bunu oyunun yüksək tempi və gərginlikdən irəli gələn yorğunluğa da bağlamaq olar. Hər halda, masazırlılar istəklərinə çatdı - 2:2.
Matçın bundan sonrakı hissəsində intensivlik səngidi. Ancaq gərginlik qalır, təhlükəni saxlayırdı. Daha diri olan "Sabah" bu dəqiqələri yaxşı keçirdi və qələbə qazanmağa yaxın da oldu.
Ümumilikdə, matçın ədalətli nəticəsi bərabərlik idi. O da qeydə alındı.
Əsas məqam odur ki, hakimlik yaxşı səviyyədə idi və matçın gözəlliyinə mane olmadı. Rauf Cabbarov bu dəfə sınaqdan yaxşı çıxdı.
21 min azarkeşlə birlikdə gözəl matç izlədik. Bunun hələ cavab qarşılaşması da var və orada gərginlik daha yüksək səviyyədə olacaq. Çünki bu erkən finalda kubokun taleyi həll oluna bilər.
Səbrsizliklə gözləyirik!